...

Dondurma alarkən diqqətli olun

Cəmiyyət Materials 20 İyun 2014 17:33 (UTC +04:00)
Saxta dondurma istehsalının qarşısı alınıb.
Dondurma alarkən diqqətli olun

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Saxta dondurma istehsalının qarşısı alınıb.

İqtisadiyyat və Sənaye Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr., ev 227A ünvanında fəaliyyət göstərən fiziki şəxs Müzəffər Poladova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan saxta dondurmaların istehsal edildiyi müəyyən olunub.

Belə ki, yoxlama zamanı yağlılığı 12% olan vanilli və şokoladlı plombir dondurmaların gigiyenik, yağlılığı 8% olan qaymaqlı dondurmanın isə gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi və onların markalanmasında məhsulların sertifikatlaşdırıldığı barədə yalnış məlumatlar verildiyi, habelə üzərinə "ALGİDA" əmtəə nişanı qeyri-qanuni vurulmuş kontrafak dondurmalar istehsal edildiyi aşkar edilib.

Bundan başqa, "Sovetskiy" adlı dondurmanın markalanmasında məhsulun qida və enerji dəyəri barədə düzgün olmayan məlumatlar verildiyi, "Bakı gecələri" adlı plombir dondurmasının çəkisindəki kənarlaşma həddinin normativ-texniki sənəddə nəzərdə tutulmuş həddən artıq göstərildiyi müəyyən olunub.

Eyni zamanda "Monte Karlo" və "Маша и мeдвeдъ" adlı dondurmaların ön tərəfindəki markalanma məlumatları istehlakçılarda həmin məhsulların xaricdə istehsal olunması barədə yanlış təəssürat yaradan formada yalnız xarici dildə verilib.

Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən Müzəffər Poladov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti