...

Azərbaycanda şagirdlərin bir məktəbdən digərinə yerdəyişməsi qaydaları açıqlanıb

Cəmiyyət Materials 24 İyun 2014 13:33 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ölkə daxilində I - IX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi qaydalarını açıqlayıb.
Azərbaycanda şagirdlərin bir məktəbdən digərinə yerdəyişməsi qaydaları açıqlanıb

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ölkə daxilində I - IX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi qaydalarını açıqlayıb. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun yeni imzaladığı "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları"nda qeyd edilib ki, övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayəndə) həmin məktəbin direktoruna yerdəyişmənin səbəbi göstərilməklə ərizə ilə müraciət edir. Ərizəyə şagirdin qiymət cədvəli (təhsil aldığı fənlər üzrə cari qiymətlər barədə oxuduğu məktəbin direktoru tərəfindən verilmiş arayış) əlavə olunur.

Məktəbin direktoru nəzərdə tutulan sinifdə şagird sayı və ya sinif otağının ölçüsü şagird qəbuluna imkan verdiyi halda, onun bu məktəbdə müvafiq sinfə qəbul olunduğu və bununla əlaqədar şəxsi işinin göndərilməsi haqqında valideynə (digər qanuni nümayəndəyə) şagirdin indiyədək təhsil aldığı məktəbin direktoruna təqdim etmək üçün arayış verir.

Həmin arayış əsasında valideyn (digər qanuni nümayəndə) övladının indiyədək təhsil aldığı məktəbdən şəxsi işini götürüb təhsilini davam etdirəcəyi məktəbin direktoruna təqdim edir və bunun əsasında şagirdin kontingentə daxil olması barədə əmr verilir. Əmrin surəti şagirdin əvvəl təhsil aldığı məktəbə göndərilir və burada onun kontingentdən xaric edilməsi barədə əmr verilir.

Xüsusi tədris proqramları tətbiq edilən məktəb, lisey və gimnaziyalara, məktəb-liseylərdəki lisey siniflərinə, özəl məktəblərə, habelə həmin təhsil müəssisələrindən ümumtəhsil məktəblərinə şagirdlərin yerdəyişməsi bu qaydalar əsas tutulmaqla həmin müəssisələrin nizamnamələrinə uyğun həyata keçirilir.

Vaxtilə məcburi köçkün məktəblərinə qəbul edilmiş məcburi köçkün olmayan şagirdlər yalnız yerli məktəblərə keçirilə bilər.

Yerli məktəblərdə təhsil alan məcburi köçkün şagirdlərin məcburi köçkün məktəblərinə yerdəyişməsinə icazə verilir.

Məcburi köçkün məktəblərində təhsil alan məcburi köçkün şagirdlərin digər məcburi köçkün məktəblərinə yerdəyişməsinə yol verilir.

Tam orta təhsil səviyyəsində (X-XI siniflər) təhsil alan şagirdlərin yerdəyişməsinə valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasında dəyişmək istədiyi məktəbin yerləşdiyi rayon (şəhər) üzrə yerli təhsili idarəetmə orqanında baxılıb aşağıdakı hallarda razılıq verilir:

- yaşayış yeri ərazisində (kənd, qəsəbə, rayon, şəhər) yerləşən digər məktəbə keçdikdə;

- ailəsi ilə birlikdə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsi rəsmi sənədlərlə təsdiqləndikdə;

- valideynlərin (digər qanuni nümayəndələrin) uzun müddətə xaricə getməsi və ya digər səbəblərdən şagirdin valideyn nəzarətindən kənarda qalması rəsmi sənədlərlə təsdiq edildikdə;

- müxtəlif səbəblərdən xüsusi tədris proqramları tətbiq edilən lisey və gimnaziyalarda, özəl ümumi təhsil müəssisələrində təhsilini davam etdirməsi mümkün olmadıqda.

Qaydalarda qeyd edilir ki, dərs ilinin ikinci yarımilində XI sinif şagirdlərinin digər rayon və şəhərlərin məktəblərinə yerdəyişməsinə Təhsil Nazirliyində baxılır.

Tabeliyindən asılı olmayaraq, ixtisaslaşdırılmış (hərbi, idman, müsiqi və s.) məktəblərdən şagirdlərin ümumtəhsil məktəblərinə və ya əksinə yerdəyişməsinə valideynin müraciətinə əsasən, Təhsil Nazirliyində baxılıb müvafiq qərar qəbul edilir.

Ümumi orta təhsil icbari hesab edildiyindən bu təhsil səviyyəsindən ilk peşə və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş şagirdlərin ümumtəhsil məktəblərinin tam orta təhsil səviyyəsinə yerdəyişməsinə icazə verilmir.

Şagirdlərin ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasının məktəblərinə yerdəyişməsi xarici ölkəyə gedən şagirdin şəxsi işi valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasında verilir.

Məktəbin rəhbərliyini rəsmi qaydada xəbərdarlıq etmədən şagirdin ölkədən xaricə getməsi məktəb direktorunun, sinif rəhbərinin və yerli icra hakimiyyətinin nümayəndəsinin iştirakı ilə tərtib edilən müvafiq aktla rəsmiləşdirilir, şagirdin şəxsi işi məktəbdə saxlanılmaqla onun kontingentdən xaric edilməsi barədə əmr verilir( Bu bənd ölkə üzrə icbari ümumi orta təhsilə tam keçdikdən sonra tətbiq olunacaq).

I - IX sinif şagirdinin valideyni (digər qanuni nümayəndə) övladının təhsilini davam etdirməsi üçün seçdiyi məktəbin direktoruna ərizə ilə müraciət edir. Ərizəyə şagirdin əvvəl oxuduğu məktəbin direktoru tərəfindən təsdiq olunmuş qiymət cədvəli və ya fənlər üzrə cari qiymətlər cədvəli əlavə olunmaqla şagirdin müəyyən dövrə qədər təhsil aldığı barədə arayış əlavə olunur. Nəzərdə tutulan sinifdə şagird sayı və sinif otağının ölçüsü həmin şagirdin qəbuluna imkan verdiyi halda, o, məktəbin müvafiq sinfinə qəbul olunur.

Azərbaycan Respublikasına gələnədək ümumi orta təhsil səviyyəsini bitirib müvafiq təhsil sənədi almış şagird həmin sənəd və valideynin ərizəsi əsasında nəzərdə tutulan sinifdə şagird sayı və sinif otağının ölçüsü şagirdin qəbuluna imkan verdiyi halda, məktəbin X sinfinə qəbul edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti