Azərbaycan, Bakı, 19 sentyabr /Trend/
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) yeni tədris ilindən etibarən Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin qəbulunu keçirməyə başlayıb.
İdarədən Trend-ə verilən məlumata görə, ilk səyyar qəbul bu gün Nəsimi və Qaradağ rayonları üzrə keçirilib. Nəsimi rayonu üzrə 1 saylı məktəbdə keçirilən səyyar qəbulda 1, 8, 16, 44, 46, 133 saylı məktəblərin və 6 №-li Uşaq Gənclər Güləş Məktəbi, 25 №-li Uşaq Yaradıcılıq Mərkəzi, 46 №-li Məktəbdənkənar Tərbiyə işi Mərkəzinin müəllim və valideynlərinin müraciətləri dinlənilib.
Qaradağ rayonu üzrə 319 saylı məktəbdə keçirilən səyyar qəbula isə Sahil qəsəbəsində yerləşən 228, 253, 273, 319, Ümid qəsəbəsində yerləşən 294, Sənqaçal qəsəbəsində yerləşən 222 saylı məktəblərin və 19 № li Uşaq Gənclər İdman Məktəbinin müəllim və valideynləri müraciət ediblər.
Səyyar qəbullar saat 10:00-da başlayıb və vətəndaşların müraciəti bitənədək davam edib. Nəsimi və Qaradağ rayonlarında hərəsində 25 olmaqla 50 müraciət qəbul edilib. Əsas müraciətlər məktəblərin istilik sistemi, bufetlerdə isti yeməklərin verilməsi, ibtidai siniflərin dərs proqramının yüngülləşdirilməsi, məktəblərdə mühafizə sisteminin yaxşılaşdırılması, şagirdlərin məktəblərə gedib-gəlməsi üçün avtobusların təşkili, məktəblərin bir növbəli sistemə keçməsi, əlavə korpusların tikilməsi və təmirə ehtiyacı olan məktəblərin təmir edilməsi ilə bağlı olub. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilib və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaşların qəbulunu həyata keçirən təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir və səyyar qəbullar 2014-2015-ci tədris ili ərzində davam edəcək.