Azərbaycan, Bakı, 22 sentyabr /Trend/
Sentyabrın 20-21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Kaluqa vilayətindəki "Etnomir" Mədəniyyət və Təhsil Mərkəzində Moskvanın və Rusiya regionların ali məktəblərində təhsil alan azərbaycanlı birinci kurs tələbələri üçün səyyar seminar keçirilib.
Trend AzərTAc-a istinadən məlumat verir ki, RAGB idarə heyətinin üzvü Emin Hacıyev tədbiri açaraq birinci kurs tələbələrini qəbul imtahanlarını uğurla başa çatdırmaları və Rusiya Federasiyasının ali məktəblərinə daxil olmaları münasibətilə təşkilatın sədri Leyla Əliyevanın adından təbrik edib. O, azərbaycanlı gənclərin xaricdə, o cümlədən Rusiyada təhsil almasına ayrılan diqqətə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib.
E.Hacıyev tədbir iştirakçılarına Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyəti və təşkilatın müxtəlif sahələrdə qarşıdakı planları barədə ətraflı məlumat verib.
RAGB tərəfindən keçirilən tədbirlər haqqında slayd-şou göstərilib. Qeyd edilib ki, Rusiyanın ali məktəblərinin çoxunda hər il Azərbaycan Mədəniyyəti günləri və həftələri, Azərbaycanla bağlı konfranslar, tolerantlıq günləri, konsertlər, foto-sərgilər təşkil edilir. RAGB hər il Xocalı faciəsinə həsr edilmiş konfranslar keçirir.
E.Hacıyev Leyla Əliyevanın təşəbbüsü ilə ətraf mühitin mühafizəsi üzrə həyata keçirilən İDEA beynəlxalq kampaniyasından söhbət açaraq bildirib ki, İDEA kampaniyasının devizi belədir: "Bir Yer - bir gələcək". O, gəncləri bu kampaniyaya qoşulmağa çağırıb. Qeyd edilib ki, xeyriyyəçilik tədbirlərinə böyük diqqət yetirən RAGB ildə iki dəfə "Qanın milləti yoxdur" aksiyası keçirir.
Təşkilat gənclər arasında idman və intellektual yarışlar, Heydər Əliyev Kuboku uğrunda mini-futbol çempionatı, ŞHK komandalarının çıxışlarını, nərd turnirləri, "Nə? Harada? Nə vaxt?" oyunları, "Voroşilov atıcısı" yarışları və başqa tədbirlər keçirir. E.Hacıyev bütün birinci kurs tələbələrini RAGB ilə fəal əməkdaşlığa dəvət edib.
Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova tədbir iştirakçılarına səfir Polad Bülbüloğlunun salamlarını və təbriklərini çatdırıb. O qeyd edib ki, səfirliyin qapıları Rusiyanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin üzünə həmişə açıqdır. N.Axundova deyib: "Sizin bəxtiniz gətirib ki, Rusiyada çox mühüm təşkilati, ictimai və siyasi vəzifələr yerinə yetirən RAGB kimi bir təşkilat fəaliyyət göstərir".
Kaluqa vilayəti İctimai Palatasının üzvü Aleksandr Smirnov birinci kurs tələbələrinə uğurlar arzulayıb, millətlərarası dostluğun və əməkdaşlığın möhkəmlənməsində Azərbaycanlı Gənclər Təşkilatının rolunu qeyd edib.
RAGB nəzarət-təftiş komissiyasının üzvü Samir Əliyev, RAGB Kaluqa bölməsinin sədri Ramin Rəcəbov, Ümumrusiya Azərbaycanlılar Konqresinin nümayəndəsi Aybəniz Rüstəmova və başqaları birinci kurs tələbələrini təbrik edərək onlara təhsildə uğurlar arzulayıblar.
Sonra tələbələr Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin başçısı, RAGB sədri Leyla Əliyevaya təşəkkür bildiriblər. Çıxış edənlər gənclərin Rusiyada təhsil alması üçün yaradılan imkanlara, gənclərin problemlərinə göstərilən diqqətə görə Azərbaycan rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Seminar iştirakçıları RAGB-nin fəaliyyəti və bu təşkilatın fəalları ilə tanış olub, qeyri-formal təhsil üzrə mütəxəssislərin rəhbərliyi ilə xüsusi treninqlərdə iştirak ediblər.
Seminarın sonunda tələbələr RAGB üzvlüyünə qəbul ediliblər.