...

Azərbaycanda "Facebook" istifadəçiləri üçün maarifləndirici kitabça hazırlanıb

Cəmiyyət Materials 22 Sentyabr 2014 16:56 (UTC +04:00)
Elektron Təhlükəsizlik Mərkəzi "Facebook"da informasiya təhlükəsizliyinə dair maarifləndirici kitabça hazırlayıb.
Azərbaycanda "Facebook" istifadəçiləri üçün maarifləndirici kitabça hazırlanıb

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Elektron Təhlükəsizlik Mərkəzi "Facebook"da informasiya təhlükəsizliyinə dair maarifləndirici kitabça hazırlayıb. Bu barədə Trend Mərkəzdən məlumat verilib.

İnternet texnologiyalarının inkişafı sürətlə həyatımıza nüfuz etməkdədir. Bu ən çox özünü internetdə mövcud olan sosial şəbəkələrdə göstərir. Hər ötən gün sosial şəbəkə istifadəçilərinin sayı durmadan artır. Belə ki, bir çox insan sosial şəbəkələrsiz həyatını təsəvvür etmir və gündəlik olaraq müxtəlif məqsədlərlə (iş, əyləncə, ünsiyyət və s.) bu şəbəkələrdən istifadə edir.

Belə olan təqdirdə sosial şəbəkələrdə istifadəçilərin təhlükəsizliyi məsələləri də gündəmə gəlir. Sosial şəbəkə istifadəçilərinin ən çox qarşılaşdığı problemlər - hesablarının başqaları tərəfindən oğurlanması, onların adına saxta hesabların yaradılması, sosial şəbəkə vasitəsilə spam və virusların yayılması, istifadəçilərə məxsus şəkillərin xoşagəlməz şəkildə paylaşılması kimi hallardır. Buna səbəb isə istifadəçilərin öz hesablarının informasiya təhlükəsizliyini təmin etmələri barədə kifayət qədər məlumata malik olmamalarıdır. Azərbaycanda da bir sıra digər ölkələrdə olduğu kimi sosial şəbəkələr arasında istifadəçi sayına görə "Facebook" öndədir.

Bütün bu amilləri nəzərə alan Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) yerli istifadəçilərə yönəlik maarifləndirici xarakter daşıyan kitabça hazırlayıb. "Facebook"da təhlükəsizlik məsələləri və arzuolunmaz hallarla mübarizə üsullarının qeyd olunduğu kitabça sosial şəbəkədə informasiya təhlükəsizliyinin təmin olunması məsələlərindən bəhs edir.

Kitabça Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən "Facebook" sosial şəbəkəsinin cari istifadə və təhlükəsizlik qaydaları əsasında hazırlanıb və tövsiyə xarakteri daşıyır. Kitabçada bəhs olunan mövzular isə əsasən aşağıdakı istiqamətləri əhatə edir:

- "Facebook" sosial şəbəkəsindən istifadə zamanı riayət etməli olduğumuz təhlükəsizlik qaydaları
- "Facebook" hesabınızın təhlükəsizliyi üçün ən əhəmiyyətli addımlar
- Xəbərdarlıq mesajının göndərilməsi xidməti
- "Təhlükəsizlik kodu"nun tələb olunması
- Oğurlanmış "Facebook" hesabını geri qaytarmaq üçün görülməli tədbirlər
- "Facebook" sosial şəbəkəsində yayılan spamlar və hesabınızı onlardan qorumaq üçün təlimatlar
- Spam və virusların "Facebook" vasitəsilə yayılma yolları
- Bəzi "Facebook" tətbiqləri (apps)
- Fişinq hücumlar
- Spam və viruslara qarşı təhlükəsizliyin təmin olunması üsulları
- Saxta hesablar
- Saxta hesabları necə şikayət etməli
- "Facebook" hesabınızla bağlı əhəmiyyətli məlumatların əldə olunması

ETM-dən bildirilib ki, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə hazırlanan maarifləndirici kitabça informasiya təhlükəsizliyi mövzusunda məlumatlandırma və tövsiyə xarakteri daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti