Azərbaycan, Bakı, 30 sentyabr /Trend/
Sentyabrın 30-da Avropa Parlament Assambleyasının (AŞ PA) payız plenar sessiyası çərçivəsində Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı və ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkilatın mənzil-iqamətgahında "Azərbaycan obyektivlərdə" adlı sərgi təşkil olunub.
Sərgininin açılışında çıxış edən Azərbaycanın Avropa Şurası Parlament Assambleyası ( AŞPA ) yanındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxışında Avropa şurasının binasında təşkil olunan sərginin həm Avropa Şurası, həm də Azərbaycan üçün mühüm hadisə olduğunu diqqətə çatdırıb.
"Sərgidə Azərbaycanın müxtəlif mənzərələri, binaları, insanları yüksək peşəkarlığa malik fotoqraflar tərəfindən təsvir olunub. Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə belə sərginin açılması mühüm əhəmiyyət daşıyır. Ona görə ki, bu fotolarda Azərbaycan reallığı öz əksini tapıb. Təəssüflər olsun ki, Avropa Şurasında bəzən xüsusi məqsədlərlə ölkəmizi real olmayan tərəfdən göstərməyə çalışırlar. Amma ölkəmizlə bağlı reallıqları əks etdirən bu sərgi, bu həqiqət heç cür gizlədilə bilməz"- Seyidov deyib.
Azərbaycanla Avropa arasında daha sıx əlaqələrinin qurulmasında xüsusi fəaliyyət göstərən Avropa-Azərbaycan Cəmiyyətinə belə bir sərgini təşkil etdiyinə görə dərin minnətdarlığımı bildirən S. Seyidov məhz bu cəmiyyətin təşəbbüsü sayəsində bu gün belə bir sərginin Avropa Şurasında təşkil olunduğunu qeyd edib.
"Əminəm ki, bu sərgi vasitəsilə biz Avropa Şurası ilə bir-birimizi daha yaxşı başa düşməyə başlayacağıq. Bu, çox mühümdür. Daha çox bizə yox, Avropa Şurasına lazımdır ki, Azərbaycanı daha yaxından tanısın"-millət vəkili çıxışını yekunlaşdırıb.
Avropa-Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter çıxışında Avropanın 47 ölkəsini öz ətrafında birləşdirən Avropa Şurasında belə bir sərginin təşkil olunmasından, Azərbaycanın Nazirlər Komitəsinə sədrliyi və Avropa Şurası Parlament Assambleyasının payız sessiyası dövrünə təsadüf etməsindən məmnunluq hissi duyduğunu bildirib.
Avropapa-Azərbaycan Cəmiyyətinin Avropada Azərbaycanın maraqlarını müdafiə etdiyini diqqətə çatdıran direktor ölkəmizin tarixini, zəngin mədəni irsini avropalılara daha yaxından tanıtmaq məqsədilə müxtəlif tədbilər keçirdiyini, nüfuzlu qurumun mənzil iqamətgahında belə bir sərginin təşkilinin də həmin tədbirlərin davamı olduğunu bildirib.
Sonra Avropapa-Azərbaycan Cəmiyyəti haqqında məlumat verən L. Zatter onun Avropanın altı ölkəsində ofisinin fəaliyyət göstərdiyini və sərgidə Azərbaycanın müxtəlif tərəflərini əks etdirən 80-dən artıq foto əsərin nümayiş olunduğunu, bu fotolar arasında kəlbəcərli yaşlı admların təsvir olunduğu fotonun xüsusi maraq döğurduğunu qeyd edib.