...

Nizami rayonunun məktəbliləri yol hərəkəti qaydaları haqqında məlumatlandırılıb (FOTO)

Cəmiyyət Materials 10 Oktyabr 2014 17:40 (UTC +04:00)
Nizami rayonu 32 saylı orta məktəbdə “Diqqət uşaqlar!” devizi altında hərəkətin təhlükəsizliyi aylığı çərçivəsində “Yol hərəkəti qaydalarını öyrənirik” adlı tədbir keçirilib.
Nizami rayonunun məktəbliləri yol hərəkəti qaydaları haqqında məlumatlandırılıb (FOTO)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Nizami rayonu 32 saylı orta məktəbdə "Diqqət uşaqlar!" devizi altında hərəkətin təhlükəsizliyi aylığı çərçivəsində "Yol hərəkəti qaydalarını öyrənirik" adlı tədbir keçirilib.

Tədbirin məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması olub.

Tədbir iştirakçıları əvvəlcə "Yol hərəkətinin təhlükəsizliyi şagirdlərin gözü ilə" mövzusunda təşkil olunmuş rəsm sərgisi ilə tanış olublar.

Sonra akt zalında işini davam etdirən tədbirdə çıxış edən 32 saylı orta məktəbin direktoru Sevda Abdullayeva deyib ki, müasir dövrdə, xüsusilə də nəqliyyat-kommunikasiya infrastrukturunun sürətlə inkişaf etdiyi zamanda azyaşlıların, şagirdlərin yol hərəkəti qaydalarını bilməsi mühüm amilə çevrilib.

Çıxış edən "Həyat" Beynəlxalq Humanitar Təşkilatının sədri Azər Allahverənov qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi gələcəyimiz olan uşaqların təhlükəsizliyi üçün önəmlidir.

Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova çıxış edərək yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində başlıca məqsəd yol qəzalarında uşaqların xəsarət alması ilə mübarizə aparmaqdır.

Çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov diqqətə çatdırıb ki, ictimai maarifləndirmə tədbirlərinin keçirilməsində vətəndaş cəmiyyəti institutları daha fəal olmalı və problemli sahələrdə məlumatlandırma işini gücləndirməlidirlər.

Fikirlərini tədbir iştirakçıları ilə bölüşən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis polkovnik-leytenantı Rasim Abdullayev və Bakı Şəhər Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin inspektoru Kəmalə Ələkbərova bildiriblər ki, Daxili İşlər Nazirliyi rəhbərliyinin müvafiq göstərişinə əsasən, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabrın 10-dan oktyabrın 10-dək respublika ərazisində "Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.

Tədbirin əsas məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır.

Tədbirdə çıxış edən "Həyat" Beynəlxalq Humanitar Təşkilatının könüllülər qrupunun rəhbəri Günel Məmmədhəsənova və digərləri uşaqlara yol hərəkəti qaydalarını öyrətməyin zəruriliyindən və tədbirin əhəmiyyətindən danışıblar.

Çıxışlar başa çatdıqdan sonra Gənc Yol Polisi qrupu öz məharətini göstərib.

Sonda rəsm sərgisinin qalibləri və iştirakçıları Fəxri fərmanlar, diplomlar və hədiyyələrlə mükafatlandırılıblar, şagirdlərə maarifləndirici vəsaitlər və "Azərsun Holdinq"in hədiyyələri paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti