...

YAP Nizami rayon təşkilatının Şura iclası keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Oktyabr 2014 17:38 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Şura iclası keçirilib.
YAP Nizami rayon təşkilatının Şura iclası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Şura iclası keçirilib.

İclasda çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, aparılmış siyasi iş və ideoloji təbliğat nəticəsində ərazi ilk partiya təşkilatlarının və üzvlərimizin sayı da artırılıb: "Belə ki, bu ilin 9 ayı ərzində 7 yeni ərazi ilk partiya təşkilatı yaradılmış və 401 nəfər partiyaya qəbul edilmişdir. Bununla da, rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının sayı 148-ə, üzvlərinin sayı isə 11035 nəfərə çatmışdır. Sevindirici haldır ki, yeni qəbul edilmiş partiya üzvlərinin böyük əksəriyyəti də gənclərdir".

S.Vəliyeva vurğulayıb ki, sözlə əməlin birliyi, partiya üzvlərinin ulu öndər Heydər Əliyev ideyalarına sədaqəti YAP-ın nüfuzunu daha da artırıb, ümumilikdə, onun bölgənin aparıcı siyasi qüvvəsi kimi mövqeyini möhkəmləndirib.

Çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini, rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova deyib ki, partiya yarandığı gündən onun Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla həyata keçirilən əsas proqramı Azərbaycanda dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Məhz buna görə də ümumxalq partiyasına çevrilən, bu gün 630 mindən çox üzvü olan YAP ölkəmizin və regionun ən aparıcı siyasi qüvvəsinə çevrilib.

İclasda rayon təşkilatının cari ilin 9 ayı ərzində gördüyü işlərə dair hesabatı diqqətə çatdıran YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov bildirib ki, partiyanın İcra Katibliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, təşkilat cəmiyyətimizin bütün sosial təbəqələrini əhatə edən əhəmiyyətli tədbirlər keçirib, layihələr reallaşdırıb. YAP Nizami rayon təşkilatı Ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq, siyasi-ideoloji maarifləndirməni bir an da olsun dayandırmayıb, kütləvi tədbirlərlə onun təsirini daha da artırıb.

Hesabat ətrafında çıxış edən rayon təşkilatının Gənclər Birliyinin sədri, YAP Gənclər Birliyi Ofisinin rəhbəri Əli Pənahov, Qadınlar Şurasının sədri Sevda Abdullayeva, Şura üzvü Nurməmməd Yarıyev və başqaları qeyd ediblər ki, YAP Nizami rayon təşkilatının Qadınlar Şurası və Gənclər Birliyi öz sıralarını möhkəmləndirməklə rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər. Vurğulanıb ki, respublikada qadınların və gənclərin qərar qəbuletmədə və hakimiyyət orqanlarında iştirakı getdikcə artmaqdadır. Onlar hər işdə olduğu kimi, qarşıdan gələn bələdiyyə seçkilərində də ortaya qətiyyətli mövqe qoyacaq və ölkəmizin gələcəyi naminə əhəmiyyətli qərarlar verəcəklər.

Müzakirələrdə çıxış edənlər son illərdə ölkəmizdə aparılan quruculuq işlərindən, partiyanın Sədri, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Yeni Azərbaycan Partiyası sədrinin müavini Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.

İclasın sonunda partiyaya yeni qəbul edilmiş bir qrup gəncə vəsiqələr və partiyanın ictimai-siyasi fəaliyyətində fərqlənən fəallara fəxri fərmanlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti