Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Elçin Mehdiyev/
Bakıda "Həmkarlar İttifaqlarının üçtərəfli sosil dialoqun formalaşmasında və Üçtərəfli Komissiyanın yaranmasında rolu" mövzusunda seminar keçirilib.
Trend-in məlumatına görə, Beynəlxalq Əmək Təşkilatının da nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, BHİK-in vitse-prezidenti, millət vəkili Səttar Mehbalıyev qeyd edib ki, Azərbaycanda sosial tərəfdaşlıq institutu hələ keçən əsrin 90-cı illərindən yaranıb.
Onun sözlərinə görə, bazar münasibətləri əsasında yarnmış yeni iqtisadi inkişaf dövründə işəgötürənlər həmkarlar ittifaqları ilə əməkdaşlıq nəticəsində müəyyən iqtisadi və siyasi stabillik əldə ediblər:
"Zaman göstərdi ki, AHİK və onun üzv təşkilatları üçün işçilərin sosial-iqtisadi hüquqlarının qorunmasında sosial dialoq ən əsas forma sayılır. AHİK dövlətlə və işəgötürənlərlə dialoq yaradılmasına nail oldu, sosial-əmək münasibətlərinin yeni sisteminə, sivil sosial tərəfdaşlıq işinə öz töhfəsini verdi. Əməkdaşlığın əsasını Baş Kollektiv Saziş təşkil edir. AHİK mütəmadi olaraq kollektiv müqavilələrin bağlanması məsələsində öz mövqeyini ortaya qoyur. Muzdlu işçilərin və işəgötürənlər təşkilatlarının nümayəndələri Beynəlxalq Əmək Təşkilatının 97-ci Konvensiyasına əsaslanaraq daimi komissiyaların yaradılması haqqında qanun qəbul edirlər. Biz yaranmış təcrübədən istifadə edərək Baş Kollektiv Sazişin bağlanmasından öncə, mübahisəli məsələləri həll etmək üçün Hökumətin, AHİK-in və Sahibkarlar (İşəgötürənlər) Təşkilatıarı Milli Konfederasiyasının nümayəndələrindən ibarət üçtərəfli komissiya yaratmışıq".
S.Mehbalıyev qeyd edib ki, Kollektiv Sazişlərin, yəni sosial-iqtisadi siyasət üzrə əsas sənədin həyata keçirilməsi təcrübəsi göstərir ki, respublikamızda problem doğuran bütün məsələlərin kompleks həlli üçün səlahiyyətli orqanın yaradılması zərurəti mövcuddur.
Onun sözlərinə görə, 2010-cu ildən etibarən Azərbaycanda kollektiv müqavilələrin bağlanması üçün sosial-iqtisadi məsələlər üzrə üçtərəfli komissiyaların yaradılması nəzərdə tutulur:
"Biz Komissiya haqqında Əsasnamə hazırlamışıq və bu Əsasnaməyə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin ümumi prinsipləri ilə uzlaşan təkilflərin işlənib hazırlanması, sosial stabilliyin qorunub saxlanması məqsədilə sosial-iqtisadi münasibətlərin nizamlanması,sosial dialoqun inkişaf etdirilməsinin dəstəklənməsi məsələləri daxildir. Komissiyanın səlahiyyətlərinə sosial-iqtisadi siyasətin işlənib hazırlanması və həyata keçirilməsi məsələləri üzrə mərkəzi icra hakimiyyəti orqanları ilə məsləhətləşmələr aparılması, müvafiq icra hakimiyyəti orqanlarından, işəgötürənlər və həmkarlar ittifaqları birliklərindən zəruri hallarda məlumatlar almaq, sosial tərəfdaşlıq və sosial əmək məsələləri üzrə keçirilən birgə tədbirlərdə iştirak etmək daxildir".
S.Mehbalıyev əlavə edib ki, bu il mayın 7-də BƏT-in dəstəyi ilə "Üçtərəfli Komissiyanın üstünlükləri. BƏT-in baxışları, dünya təcrübəsi" mövzusunda keçirilən seminarda bu məsələlər üzrə təkliflər və iştirakçıların mənafeyi nəzərə alınmışdır. Bu məqsədlə ölkənin 5 regionunda seminarlar və 300-dən çox həmkarlar ittifaqı fəalının iştirakı ilə anket sorğusu keçirilib:
"Sorğunun nəticələri göstərmişdir ki, həmkarlar ittifaqı fəalları üçtərəfli komissiyanın yaradılmasına xüsusi önəm verirlər. Respondentlərin 90 faizi üçtərəfli komissiyanın yaradılmasını vacib hesab edirlər, 50 faizdən çoxu isə bütün problemli məsələlərin kompleks şəkildə həlli üçün komissiyaya hüquqlar verilməsinin əhəmiyyətini vurğulayırlar. Sorğu iştirakçılarının 57 faizi inanırlar ki, üçtərəfli komissiya sosial-əmək münasibətlərinin, əhalinin məşğulluğunun, sosial təminat sahəsində qanun və layihələrin və digər hüquqi-normativ aktların həyata keçirilməsində iştirak edəcəkdir. Respondentlərin 90 faizi komissiyanın qarşıya qoyulan vəzifələrin öhdəsindən gələcəyinə əmindirlər. Ümid edirik ki, üçtərəfli komissiyanın yaradılması məsələsi yaxın vaxtlarda öz həllini tapacaqdır. Azərbaycan Həmkarlar İttifaqları dünya təctübəsinə əsaslanaraq öz üzvlərinin sosial-iqtisadi sahədəki mövcud problemlərinin həllini Azərbaycan Hökuməti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə razılaşdırılmış siyasət çərçivəsində konstitutsion əməkdaşlığın həyata keçirilməsində, BƏT-in prinsiplərinə uyğun olaraq Üçtərəfli komissiyanın işi üçün əlveriıli şəraitin yaradılmasında görürlər".
Daha sonra BƏT-nın Moskva bürosunun baş mütəxəsisi Sergiyus Qlovaskas, BƏT-nın eksperti Odra Mikalauskayte də çıxış edərək öz fikirlərini bölüşüblər.