Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə gənc alim və mütəxəssislərin 3-cü müsabiqəsini elan edib.
Fonddan Trend-ə verilən məlumata görə, 3-cü qrant müsabiqəsinin maliyyələşdirilməsinin cəmi həcminin 500 min manat olması nəzərdə tutulub.
Müsabiqə fizika-riyaziyyat və texnika elmləri, kimya elmləri, Yer haqqında elmlər, biologiya, tibb və aqrar elmlər, humanitar və ictimai elmlər sahələrini əhatə edən fundamental - tətbiqi, axtarış-innovasiya xarakterli və xüsusi layihələrin kiçik və orta həcmli qrantlar vasitəsilə maliyyələşdirilməsini nəzərdə tutur.
Müsabiqədə iştirak etmək üçün sənədlər noyabrın 14-dən dekabrın 29-u saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələri 2015-ci ilin birinci yarımilində açıqlanacaq.
Müsabiqədə yalnız 35 yaşa qədər olan gənc alim və mütəxəssislər iştirak edə bilərlər.