...

Nuşirəvan Məhərrəmli ziyalıları və elm adamlarını ittiham etdi (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 25 Noyabr 2014 11:40 (UTC +04:00)
Azərbaycan televiziya məkanında ədəbi dilin normalarının pozulmasında bəzən Azərbaycan ziyalılarının və elm adamlarının da rolu var.
Nuşirəvan Məhərrəmli ziyalıları və elm adamlarını ittiham etdi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan televiziya məkanında ədəbi dilin normalarının pozulmasında bəzən Azərbaycan ziyalılarının və elm adamlarının da rolu var. Trend-in məlumatına görə, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında MTRŞ və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət etməsi sahəsində 2014-cü ilin sentyabr-oktyabr aylarında aparılmış monitorinqlərin nəticələri barədə keçirilən mətbuat konfransında deyib.

N.Məhərrəmli qeyd edib ki, bəzən televiziya kanallarında efirə dəvət olunan elm xadimləri, sənət adamları öz fikirlərini Azərbaycan dilində deyə bilmir: "Bu, bizi çox narahat edir. Lakin əvvəlki monitorinqlərin nəticələri ilə müqayisədə ədəbi dil normalarının pozulması halları azalıb".

MTRŞ sədri bəzən televiziya kanallarında müxtəlif ləhcələrlə danışılması məsələsinə də toxunub. O, qeyd edib ki, bəzən aparıcılar müxtəlif regiona xas olan dialektlə danışırlar: "Ancaq Azərbaycanın vahid dil forması mövcuddur, bunu orta məktəblərdə öyrədirlər. Biz bu problemin aradan qaldırılması istiqamətində daim monitorinqlər aparırıq və artıq müsbət nəticələr əldə olunur".

N.Məhərrəmli həmçinin bildirib ki, televiziya kanallarında şou xarakterli verilişlərin azalması, intellektual xarakterli verilişlərin isə artması tendensiyası müşahidə olunur: "Biz daim bu məsələni nəzarətdə saxlayırıq".

MTRŞ sədri qeyd edib ki, televiziya kanallarının əsas vəzifəsi cəmiyyəti maarifləndirməkdir və onların üzərinə böyük məsuliyyət düşür. Televiziya kanallarına yalnız kommersiya xarakterli təşkilatlar kimi baxılmamalıdır, onlar cəmiyyət qarşısında ciddi məsuliyyət daşıyan fəaliyyət sahəsidir: "Bu baxımdan orta səviyyəli biliyi olan insanların aparıcılıq etməsinə imkan verilməməlidir. Aparıcılar yüksək intellektual səviyyəyə malik olmalıdırlar. Bizim məqsədimiz televiziya kanallarını tənqid etmək deyil, ancaq bu nöqsanların aradan qaldırılması televiziya kanallarının özlərinin də xeyrinədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti