...

Arzu Rəhimov: Səfərbərlik və çağırış resurslarının tənzimlənməsi istiqamətində əhəmiyyətli işlər görülüb

Cəmiyyət Materials 12 Fevral 2015 15:18 (UTC +04:00)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) fəaliyyət göstərdiyi 3 il ərzində səfərbərlik və çağırış resurslarının tənzimlənməsi, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində əhəmiyyətli işlər görülüb.
Arzu Rəhimov: Səfərbərlik və çağırış resurslarının tənzimlənməsi istiqamətində əhəmiyyətli işlər görülüb

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İlkin İzzət/

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) fəaliyyət göstərdiyi 3 il ərzində səfərbərlik və çağırış resurslarının tənzimlənməsi, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində əhəmiyyətli işlər görülüb. Ötən müddətdə vətəndaşlara daha yüksək xidmət göstərilməsi məqsədilə maddi-texniki təminat, əməkdaşların iş şəraiti yaxşılaşdırılıb.

Trend xəbər verir ki, bunu SHXÇDX-nin rəisi general-leytenant Arzu Rəhimov bu gün Xidmətin Bakı şəhər Nizami Rayon İdarəsinin yeni inzibati binasının açılışı zamanı çıxışında bildirib.

A.Rəhimov qeyd edib ki, indiyədək Xidmətin Sumqayıt, Ağsu, Qazax rayon idarə və şöbələrinin inzibati binaları müasir tələblərə uyğun olaraq istifadəyə verilib. Hazırda 10 yerli idarə, şöbə və bölmənin yeni inzibati binalarının inşası davam etdirilir. Bununla yanaşı, Xidmətin yeni inzibati binasının, Mərkəzi Çağırış Məntəqəsi Kompleksinin inşası aparılır.

Tədbirdə bildirilib ki, Nizami Rayon İdarəsinin yeni binasının tikintisinə 2012-ci ilin dekabr ayında başlanılıb. Bina 3 mərtəbədən, 32 xidməti otaqdan ibarətdir. Yeni inzibati binanın ümumi sahəsi 1100 kvadratmetrdir. Bina müasir standartlara və xidmətin tələblərinə uyğun inşa olunub, otaqlar şəxsi heyətin xidməti iş fəaliyyətinin yüksəldilməsi məqsədilə zəruri avadanlıqla tam təchiz edilib.

Qeyd edək ki, mərasimdə Xidmət rəisi, general-leytenant A.Rəhimov və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, ictimaiyyət nümayəndələri iştirak ediblər. Daha sonra A.Rəhimov və T.Budaqov binada yaradılan şəraitlə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti