Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir Elçin Mehdiyev/
Bu gün Bakıda erməni girovluğunda olan azərbaycanlıların üzləşdiyi işgəncə və zorakılıqlardan bəhs edən "Cəhənnəmdə böyük çığırtı" kitabının təqdimat mərasimi keçirilib.
Trend-in məlumatına görə, kitab Lent.az informasiya agentliyinin "Əsir düşərgəsi" layihəsinin materialları əsasında nəşr olunub.
Kitabın müəllifi Vüsalə Məmmədova, ideya müəllifi və redaktoru Qabil Abbasoğludur.
Əvvəlcə APA informasiya agentliyi tərəfindən kitabda əksini tapmış materiallar əsasında hazırlanmış videomaterial nümayiş olunub.
Daha sonra çıxış edən "APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirib. O, qeyd edib ki, "Cəhənnəmdə böyük çığırtı" adlı kitaba toplanmış 8 hekayətdə erməni girovluğunda olan azərbaycanlıların üzləşdiyi işgəncə və zorakılıqlardan, yaşadığı dəhşətlərdən bəhs edilir: "Kitabın çap olunmasında məqsəd Qarabağ həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin dünyaya çatdırılması yönündə bir addım atmaqdan ibarətdir, müharibənin günahsız insanların taleyinə vurduğu silinməz damğaları yenidən cəmiyyətə çatdırmaq və erməni vandalizminin şahidi olmuş insanların iztirablarını onların öz dilindən təqdim etməkdir. Kitabdakı bir çox faktlar geniş ictimaiyyətə ilk dəfədir çatdırılır".
Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev belə kitabların hazırlanmasını Azərbaycan xalqının başına gətirilən müsibətlərin dünyaya çatdırılması baxımından yüksək qiymətləndirib.
V.Əliyev bildirib ki, kitabı oxumaq insandan böyük iradə tələb edir: "Çünki burada yazılanlar erməni vandalizminin şahidi olmuş insanların dilindən səslənir. Bu baxımdan insan kitabda yer almış yazıları soyuqqanlılıqla qarşılaya bilmir".
Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində çap olunan belə bir kitabın gələcəkdə digər dillərə tərcümə edilməsinin vacibliyini vurğulayan V.Əliyev bu istiqamətdə işlərin davamlı olaraq aparılmasını vurğulayıb.
Tədbirdə çıxış edənlər kitabın nəşrini Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından yüksək qiymətləndiriblər.