Azərbaycan, Bakı, 7 mart /Trend/
İstehlakçıların qiymətdə aldadılması hallarının qarşısı alınır.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında Fəhrad Əzizova məxsus "Mono", eləcə də Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 54 ünvanında "Azeri Retail" MMC-yə məxsus "Frecko" marketlərdə aparılan yoxlamalar zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaradılaraq əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.