...

Xarici tələbələr Azərbaycanda miqrasiya sahəsindəki güzəştlərlə tanış olublar (FOTO)

Cəmiyyət Materials 11 Mart 2015 17:16 (UTC +04:00)
Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşları maarifləndirmə tədbirləri çərçivəsində görüşlər keçiriblər.
Xarici tələbələr Azərbaycanda miqrasiya sahəsindəki güzəştlərlə tanış olublar (FOTO)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İlkin İzzət/

Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşları maarifləndirmə tədbirləri çərçivəsində görüşlər keçiriblər.

DMX-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Miqrasiya Məcəlləsinin tələblərinə əsasən olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşama, o cümlədən iş icazələrinin alınması prosedurları və ümumiyyətlə, miqrasiya prosesləri ilə bağlı maarifləndirilməsi istiqamətində DMX tərəfindən təşkil olunmuş görüşlər davam etdirilir.

Bakı Dövlət Universitetində (BDU) keçirilən görüşdə Azərbaycanda miqrasiya proseslərini əhatə edən yeniliklərdən söhbət açılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə miqrasiya qanunvericiliyinə edilmiş bir sıra dəyişikliklərə diqqət çəkilib. Olduğu yer üzrə qeydiyyat müddətinin 3 gündən 10 günədək artırılması bu yeniliklərin nümunəsi kimi qeyd olunub.

Həmçinin, Azərbaycanda təhsil alan xarici tələbələrə miqrasiya sahəsində nəzərdə tutulan güzəştlərə toxunulub. Belə ki, onlara respublikamızın ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətin 1 ilədək uzadılmasına görə dövlət rüsumunun 40 manat müəyyənləşdirildiyi bildirilib. Hansı ki, yetkinlik yaşına çatmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu məbləğ 120 manatdır.

Bundan əlavə, DMX-nin təqdim etdiyi xidmətlər üzrə bir sıra prosedurlar sadələşdirilib, elektron xidmətlərin sayı artırılıb.

Əcnəbi elm xadimlərinin və tələbələrin miqrasiya qanunvericiliyinin tələblərinə uyğun olaraq maarifləndirilməsi ilə bağlı görüş tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti