Azərbaycan, Bakı, 10 mart/Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Təhsil Nazirliyi iki elektron xidmətini "Elektron hökumət" portalına inteqrasiya edib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən Trend-ə verilən məlumata görə, artıq "Elektron hökumət" portalı üzərindən "Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış" və "Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış" e-xidmətlərindən faydalanmaq mümkündür.
"Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış" elektron xidməti vasitəsilə ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki işçilər portalda qeydiyyatdan keçib xidmətə daxil olmaqla avtomatik olaraq ad, soyad, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, işlədiyi ümumtəhsil məktəbinin adı, nömrəsi və vəzifəsi barədə məlumatları özündə əks etdirən arayışı formalaşdıra və aidiyyəti üzrə təqdim edə biləcəklər.
"Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış" e-xidməti vasitəsilə isə şagirdlər istifadəçi adı, soyad, ata adı və təhsil aldığı ümumtəhsil məktəbinin adını sistemə daxil etməklə təhsil aldığı yer haqqında e-arayış əldə edə biləcəklər. Sözügedən e-arayış şagirdin adı, soyadı, ata adı və təhsil aldığı ümumtəhsil məktəbinin adı, sinif nömrəsi, təlim dili, öyrəndiyi xarici dil, məktəbə daxil olma tarixi və şəhadətnaməsi üzrə məlumatları əhatə edir.
Bununla da "Elektron hökumət" portalı üzərindən təqdim olunan elektron arayışların sayı 4-ə çatıb.