Azərbaycan, Bakı, 17 mart /Trend/
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı, Qobustan, İsmayıllı və Ağsu rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.
Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda 24 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox müddətli həqiqi hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, veteran adı və şəhid statusunun verilməsi məsələlərində köməklik göstərilməsinə dair olub.
Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan 6 müraciət aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.