...

Novruz bayramı yanğınsöndürənlər üçün niyə arzulanan deyil?

Cəmiyyət Materials 18 Mart 2015 12:18 (UTC +04:00)
Novruz bayramının artibutlarından biri də tonqaldır.
Novruz bayramı yanğınsöndürənlər üçün niyə arzulanan deyil?

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İlkin İzzət/

"Novruz bayramının atributlarından biri də tonqaldır. İlaxır çərşənbədə və Novruz bayram günlərində tonqallar qalanır. Novruz bayramı ilə əlaqədar Azərbaycanda 9 gün iş günü olmayacaq. Bu günlər yanğın təhlükəli ərəfə kimi qəbul olunur və məhz bu baxımdan yanğından mühafizə xidmətinin işçiləri Novruz bayramını arzulanan hesab etmirlər". Bunu Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəis müavini polkovnik Rasim Kərimov deyib.

R.Kərimov qeyd edib ki, Novruz bayramı günlərində bütün yanğından mühafizə hissələri ənənəvi olaraq gücləndirilmiş iş rejiminə keçirilir: "Bütün şəxsi heyət bu ərəfədə məzuniyyətə buraxılmır. Hamısı xidməti yerlərində olur. Bütün ehtiyatda olan texnikamız da döyüş hazırlığı vəziyyətinə gətirilir ki, zərurət yarandıqda onları da cəlb edə bilək. Rəhbər vəzifəli şəxslər tərəfindən sutka ərzində məsul şəxslər təyin olunur və ərazilərə reydlər keçirilir, daimi nəzarət edilir. Bu göstərişlər verilib, təlimatlandırma aparılıb. Artıq məsul şəxslər də təyin edilib, cədvəllər tərtib olunub".

DYMX-nin rəis müavini əmindir ki, əvvəlki illərdə olduğu kimi, bu il də bayram günləri faciəsiz keçəcək. Bununla yanaşı, tonqalları qalayarkən əhalidən maksimum qaydada ehtiyatlı davranmaları xahiş edilir: "Qurğulara, binalara yaxın yerlərdə tonqallar qalamaq olmaz. Çalışmaq lazımdır ki, tonqallar çox böyük olmasın, alovu 1,5-2 m-dən yuxarı qalxmasın, tonqallar su ehtiyatları olan əraziyə yaxın yerlərdə qalansın. Tonqalın üstündən tullanandan sonra sonda onu gözərmiş vəziyyətdə buraxıb getməsinlər, tam söndürülməsini təmin etsinlər. Xüsusən də, bu məsələdə paytaxt sakinləri diqqətli olmalıdırlar. Çünki Bakı küləkli şəhərdir. Qığılcımlar hər an uçub yanğın hadisəsi törədə bilər. Uşaqların tonqalın üstündən tullanması isə ümumiyyətlə, qadağandır. Tonqalın ətrafına toplaşan insanlar geyim formalarına fikir verməli, sintetik materiallardan paltarlar geyməməlidirlər. Çünki bu materiallar istiliyin təsirindən tez əriyir, alovla təmasda isə dərhal alışırlar. Əsasən yun və pambıq materiallarından olan geyimlərə üstünlük verilməlidir.

Bəzən bayramla əlaqədar atəşfəşanlıq da təşkil edilir, fişəng yandırırlar. Bunlar qapalı şəraitdə olmamalı, fişənglər hər hansı obyektə, qurğuya və kommunikasiya xətlərinə istiqamətləndirilməməlidır. Ümumiyyətlə, yaxşı olar ki, bunlardan istifadə olunmasın.

Bundan əlavə, demək olar ki, bayram axşamları hər bir evdə yandırılan şamlarla rəftarda da ehtiyatlı olmaq lazımdır. Süfrələrdə, xonçalardakı şamlar daim nəzarət altında olmalı, pərdələrdən, tezalışan materiallardan uzaqda qoyulmalıdır".

R.Kərimov bildirib ki, o, bu sahədə işlədiyi 40 ilə yaxın müddətdə Novruz bayramı günlərində faciə ilə nəticələnən hər hansı böyük yanğının baş verdiyini xatırlamır: "Əsasən açıq sahələrdə xırda alışmalar qeydə alınıb. Onlar da dərhal və əsasən də yaxınlıqdakı insanların özləri tərəfindən söndürülüb. Təbii ki, bayram günlərində böyük faciələrin baş verməməsinə apardığımız maarifləndirmə işlərinin də böyük təsiri var".

Qeyd edək ki, bir neçə gün əvvəl Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə bağlı yanğın təhlükəsizliyi barədə əhaliyə rəsmi xəbərdarlıq edib. Nazirlik bəyan edib ki, Novruz bayramında yarana biləcək yanğın təhlükəsi ilə bağlı vətəndaşların bu qaydaları bilməsi vacibdir:

− bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

− tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

− tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

− tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

− yandırılan şamlar nəzarətsiz qalmamalıdır;

− əgər pirotexniki vasitələrdən istifadə edilərsə, təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır.

Nazirlik vətəndaşlara təhlükə zamanı 112-yə zəng edilməsini tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti