Azərbaycan, Bakı, 31 mart /Trend/
Bu gün Daxili İşlər Nazirliyində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Əliyev XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilərin az müddət sonra regionu, sözün əsl mənasında, "qan çanağı"na çevirdiklərini, onların "böyük Ermənistan" kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımların azərbaycanlılara qarşı kütləvi qətliamların və soyqırımı aktlarının reallaşması ilə nəticələndiyini, bu qanlı tarixin qısa fasilələrlə dəfələrlə təkrarlandığını iştirakçıların diqqətinə çatdırıb.
Qeyd olunub ki, erməni millətçilərinin Qafqazda törətdikləri kütləvi qırğınlar və soyqırımı siyasəti bir fakta əsaslanır: onlar nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və aborigen xalq olduqlarını təsdiqləməyə çalışıblar. Bu mənfur niyyəti reallaşdırmanın yolu isə soydaşlarımızın soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçib. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli qırğınlar, həmvətənlərimizin kütləvi şəkildə, amansızlıqla qətlləri ermənilərin Qafqazda məskunlaşması üçün açar rolunu oynadı.
Nazir müavini xüsusi qeyd edib ki, müstəqilliyin əldə edilməsindən sonra xalqımız tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etdi. Məhz ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə ali hakimiyyətə qayıdışından sonra həmin qanlı hadisələrə, zaman-zaman xalqımıza qarşı törədilmiş cinayətlərə obyektiv hüquqi-siyasi qiymət verildi. Ümummilli liderimiz tarixi ədaləti bərpa etdi və imzaladığı müvafiq fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan olundu. Bununla da, Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi.
O da bildirilib ki, 1998-ci il martın 26-da məhz həmin tarixi sənədin imzalanmasından sonra hər il nəinki ölkəmizdə, eləcə də dünyanın bir çox dövlətlərində soyqırımla əlaqədar müxtəlif anım mərasimləri, xatirə tədbirləri keçirilir, erməni şovinizminin və qəddarlığının bütün qanlı əməlləri pislənilir.
Ulu öndərin kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində artıq dünya dövlətləri və beynəlxalq təşkilatlar ölkəmizin haqq işini müdafiə edir və Ermənistanı getdikcə daha çox ölkə işğalçı dövlət kimi tanıyır.
Nazir müavini İ.Əliyevin təklifi ilə mərasim iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara, türklərə qarşı başladıqları soyqırımı siyasətinin indiyədək davam etdiyini, nəticədə yüz minlərlə insanın qətlə yetirildiyini, bu barədə real faktların və həqiqətlərin keçmiş sovet hakimiyyəti dönəmində uzun müddət təhrif olunduğunu, gizlədildiyini və əsl tarixi gerçəkliklərin həmin dövrdə öz əksini tapmadığını təəssüflə qeyd edib.
O, real faktlara, o cümlədən əcnəbi alimlərin türk, müsəlman xalqlarına qarşı soyqırımı siyasətindən bəhs edən kitablarda əksini tapmış gerçək sübutlara, tarixi sənədlərə və arxiv materiallarına əsaslanan ətraflı məruzə ilə çıxış edib. Məruzədə xüsusən ötən əsrin əvvəllərindən başlayaraq imperiya qüvvələrinin, imperialist dairələrin birbaşa dəstəyi və təşkilatçılığı ilə bolşevik libasına bürünmüş erməni millətçiləri və daşnak silahlı birləşmələri tərəfindən nəinki Bakıda, həmçinin ölkəmizin müxtəlif bölgələrində günahsız soydaşlarımızın - qocaların, qadınların və uşaqların sistemli və məqsədyönlü şəkildə, kütləvi surətdə məhv edildiyi, həmin qanlı hadisələrin çox geniş coğrafiyanı əhatə etdiyi, eyni zamanda, Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun qəhrəmanlığı sayəsində bu kütləvi qırğınlara, soyqırımına son qoyulduğu qeyd olunub.