Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda dörd Turizm İnformasiya Mərkəzinin yeni saytı istifadəyə verilib.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkəmizə gələn turistlərin və yerli vətəndaşların məlumatlandırılması məqsədilə ölkədə 9 Turizm İnformasiya Mərkəzi (Naxçıvan Muxtar Respublikası, Bakı, Xaçmaz, Quba, Şamaxı, Zaqatala, Gəncə, Şəki və Lənkəran) fəaliyyət göstərir.
Xüsusi saytlar vasitəsilə dünyanın hər bir yerindən insanlar bölgənin istənilən yerində özlərinə əvvəlcədən yer və müvafiq turizm xidmətləri sifariş verə bilərlər.
Bu məqsədlə nazirliyin dəstəyi ilə Turizm İnformasiya mərkəzlərinin saytları yenidən hazırlanır və müxtəlif dillərdə turistlərin xidmətinə verilir. Daha əvvəl üç mərkəzin saytı - www.guba.travel, www.sheki.travel və www.zagatala.travel portalı istifadəyə verilib.
Bu gün daha dörd mərkəzin saytı www.baku.azerbaijan.travel, www.ganja.travel, www.lankaran.travel və www.shamakhi.travel istifadəyə verilib. Portallarda yerli turistlərin məlumatlandırılması üçün hər bir informasiya yer alıb. Yaxın vaxtlarda portalların ingilis və rus dili versiyası da tam istifadəyə veriləcək.