Azərbaycan, Bakı, 23 aprel /Trend/
Bu gün Daxili İşlər Nazirliyinin (DİN) "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzində Avropa Polis Kollecləri Assosiasiyasına daxil olan dövlətlərin ali təhsil müəssisələri rəhbərlərinin və ekspertlərinin iştirakı ilə "Beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə təlim-tədris strategiyası" mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan respublika daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Əliyev konfrans iştirakçılarını nazir, general-polkovnik Ramil Usubovun adından salamlayaraq, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın öz qapılarını Avro-Atlantik məkana açan ilk postsovet ölkəsi olduğunu, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi məqsədyönlü siyasətin onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində respublikamızın iqtisadi, siyasi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gündən-günə artdığını, bu istiqamətdə qazanılan uğurların həyatımızın digər sahələrinin də dinamik inkişafına əlverişli zəmin yaratdığını diqqətə çatdırıb.
Ölkəmizin BMT, ATƏT, YUNESKO, Avropa Şurası və digər mötəbər beynəlxalq qurumların iştirakı ilə keçirilən bir çox tədbirlərə ev sahibliyi etdiyini, möhtəşəm idman bayramı olacaq ilk Avropa Oyunlarına son hazırlıq işlərinin başa çatmaqda olduğunu qeyd edən nazir müavini respublikamızda insan və vətəndaş hüquq və azadlıqlarının, əmin-amanlığın yüksək səviyyədə təmin olunduğunu, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının peşəkarlığı, həyata keçirdikləri qətiyyətli tədbirlər sayəsində ictimai-siyasi sabitliyin və asayişin etibarlı şəkildə qorunduğunu, cinayətlərin sayının azlığına görə Azərbaycanın MDB və Şərqi Avropa məkanında ilk yerlərdən birini tutduğunu vurğulayıb.
Polis general-mayoru İ.Əliyev bu tədbirin beynəlxalq elmi-praktiki əməkdaşlığın möhkəmlənməsində, cinayətkarlığa qarşı mübarizədə tədris-təlim prosesinin strategiyasının müəyyənləşdirilməsində, Assosiasiyaya üzv olan dövlətlərin qabaqcıl təcrübəsinin tədris prosesinə tətbiqi sayəsində yüksək ixtisaslı kadrların hazırlanmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev ölkəmizdə polis kadrlarının hazırlanmasında əldə olnmuş təcrübə, müəyyən edilmiş təhsil strategiyası barədə ətraflı məlumat verib, bu sahədə həyata keçirilən islahatlatlardan, təhsilin müasir stanrdartlar səviyyəsində qurulması üçün görülən işlərdən danışıb.
Konfrans iştirakçıları Polis Akademiyasının keçdiyi inkişaf yolunu əks etdirən sənədli filmə baxıblar.
Daha sonra Avropa Polis Kollecləri Assosiasiyasının prezidenti xanım Helen Martini mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində Azərbaycanda görülən işləri yüksək qiymətləndirərək konfransın Bakıda keçirilməsindən məmunluğunu bildirib, səslənən fikirlərin, aparılan faydalı müzakirələrin əhəmiyyətli olacağını qeyd edib. Yeri gəlmişkən, Avropa Polis Kollecləri Assosiasiyası 1996-cı ildə təsis edilib. Hazırda quruma Azərbaycan Respublikası DİN-in Polis Akademiyası da olmaqla, 42 Avropa ölkəsindən 48 ali təhsil müəssisəsi daxildir.
İki gün davam edəcək konfransda ölkəmizi, Türkiyəni, Macarıstanı, İspaniyanı və Portuqaliyanı təmsil edən ekspertlərin çıxışları dinləniləcək, tədbir seksiyalar üzrə davam etdiriləcək.