Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İlkin İzzət/
Azərbaycan Prezidentinin göstərişinə əsasən Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Nepaldan Azərbaycan və digər ölkə vətəndaşlarının təxliyəsi həyata keçirilir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi tərəfindən "BE-200ÇS" tipli təyyarə ilə Nepal Federativ Demokratik Respublikasına yola salınmış humanitar yardım uğurla ünvana çatdırılıb.
Ölkə Prezidentinin göstərişinin icrasının davamı olaraq, həmin təyyarə Nepalda təbii fəlakət zonasından təxliyə edilmiş Azərbaycan Respublikasının 13 və Gürcüstanın 4 vətəndaşının Bakıya çatdırılması üçün havaya qalxıb.