...

Türkdilli ölkələrin vahid turizm paketi olacaq

Cəmiyyət Materials 20 May 2015 14:44 (UTC +04:00)
Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan "Müasir İpək Yolu" adlı vahid turizm paketi yaratmağı planlaşdırırlar.
Türkdilli ölkələrin vahid turizm paketi olacaq

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan "Müasir İpək Yolu" adlı vahid turizm paketi yaratmağı planlaşdırırlar.

Trend-in məlumatına görə, artıq bununla bağlı Türkdilli Dövlətlərin Әməkdaşlıq Şurası çərçivəsində bu gün Bakıda keçirilən təşkilata üzv ölkələrin turizm nazirlərinin toplantısında razılığa gəlinərək anlaşma memorandumu imzalanıb.

Şuranın baş katibi Ramil Həsənov jurnalistlərə deyib ki, memorandumun imzalanmasında əsas məqsəd türkdilli ölkələrin birgə turizm məhsulunun yaradılmasına dəstək vermək, üzv ölkələrin özəl sektor nümayəndələrinin rolunun artırılması və onlar arasında əməkdaşlığın inkişaf etdirilməsidir.

Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev jurnalistlərə bildirib ki, artıq bu assosiasiyalar vasitəsilə dəstəklənəcək layihələr beynəlxalq səviyyəyə çıxarılacaq: "Bu da Azərbaycana, Türkiyəyə, Qazaxıstana və Qırğızıstana turistlərin daha çox cəlb olunmasına kömək edəcək. Bununla yanaşı, adıçəkilən ölkələrin özlərindən də qarşılıqlı turizm səyahətlərinin təşkilinin daha ciddi şəkildə nəzərdən keçirilməsi planlaşdırılır. Biz arzulayardıq ki, bu ölkələrə turist axınları daha yüksək səviyyədə olsun. Biz bu turizm layihələri vasitəsilə xalqların mədəniyyətlərinin, irsinin, tarixinin tanıdılması üçün türk dövlətləri arasında daha yaxın münasibət qurmağa çalışmalıyıq. Bu əməkdaşlıq bizim üçün çox faydalıdır".

İclasda qeyd edildi ki, bu birgə əməkdaşlığa gələcəkdə Macarıstan və digər ölkələr də qoşula bilər. Ona görə də bu gün "dördlük" formatında olan görüş gələcəkdə "altılıq" və ya "yeddilik" formatında keçirilə bilər.

İclasda o da qərara alınıb ki, turizm nazirlərinin üçüncü toplantısı gələn ilin may ayında Qırğızıstanda keçirilsin.

Qeyd edək ki, ilk toplantı Türkiyənin İstanbul şəhərində keçirilib. İkinci toplantı isə bu gün Bakıda keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti