...

Komitə sədri: İslamın daxildən zəiflədilməsi üçün cəhdlər müşahidə edilir

Cəmiyyət Materials 3 İyun 2015 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İlkin İzzət/

Təəssüf ki, bu gün İslam dünyasının içərisində çox ciddi bir proses gedir. İslamın daxildən zəiflədilməsi üçün cəhdlər müşahidə edilir. Bu cəhdlər İslam dini daxilində radikal qrupların yaradılmasına, İslamı gözdən salan qruplara kimlərinsə dəstək verərək onların səhnədə qalmasına gətirib çıxarır.

Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı AZƏRTAC-a müsahibəsində bildirib.

Komitə sədri qeyd edib ki, əslində bütün dinlər sülhü, əmin-amanlığı, insanların bir-birinə ehtiramını və bərabərliyi təşviq edir. Amma dinlərin daxilində zamana bağlı olaraq radikal qruplar meydana gəlib və indi də gəlir: "Radikal qruplar bütün dinlərin içərisində var və onlar din pərdəsi altında müxtəlif siyasi maraqlarını həyata keçirmək istəyirlər. Hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Bu qruplar İslamı daxildən dağıtmağa, bu dini zəiflətməyə, gözdən salmağa çalışırlar. Bu qruplar həm sivilizasiyalararası mübarizənin, həm beynəlxalq iqtisadi güc mərkəzləri arasındakı mübarizənin, həm də müəyyən mənada dinlərarası mübarizənin törəmələridir. Çox təəssüf ki, həmin qrupların içərisində nadanlıqdan onlara qoşulanlar da var. Milli-mənəvi dəyərlərə xələl gətirmək istəyən bu cür qruplara qarşı ciddi mübarizə aparılmalıdır. Bu gün məlumdur ki, din pərdəsi altında, İslamı qorumaq adı ilə fəaliyyət göstərən xeyli qruplaşmalar var. Bu, İslamı qorumaq deyil, İslam adı altında bu dinə ziyan vurmaqdır. Milli-mənəvi dəyərlər geniş anlayış olaraq bütün sahələri əhatə etməklə bərabər, islami dəyərlərimizi də özündə ehtiva edir. İslami dəyərlər isə olduğu kimi qorunmalı, öyrədilməli, gənc nəslə çatdırılmalıdır. Əgər kimsə din adı altında öz məqsədinə çatmaq üçün İslamdan istifadə etmək istəyirsə, onun qarşısında durmaq lazımdır. İslami dəyərlər insanlığa xidmət edən dəyərlərdir. Lakin bu dəyərlərdən siyasi, iqtisadi maraqlar üçün istifadə həmin dəyərlərdən uzaqlaşmaq deməkdir. Ona görə də Azərbaycanda islami dəyərlərin təbliğində dini maarifçiliyə geniş yer ayrılıb".

M.Qurbanlının fikrincə, cəhalət, xurafat olan yerdə mütləq dini radikalizm baş qaldırır: "Dini radikalizmin yaranması üçün mühit olmamalıdır. O mühitin olmaması üçün isə elm, təhsil mütləqdir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin tərkib hissəsində milli-mənəvi dəyərlərimizin qorunması önəmli yerlərdən birini tutur. Bu dəyərləri qorumaq üçün təbii ki, dini maarifləndirməyə də xüsusi diqqət yetirməliyik".

DQİDK sədri bildirib ki, dini radikalizmə, dini ekstremizmə qarşı mübarizə üçün bir neçə istiqamətdən istifadə edilməlidir: "İdeoloji yol - buraya əsasən medianın fəaliyyəti, müxtəlif maarifləndirici kitabların nəşri, milli-mənəvi dəyərlərə ziyan vura biləcək amilləri görərək qarşısını vaxtında almaq istiqamətində işlərin görülməsi daxildir. İnzibati yol - buraya radikal, ekstremist qruplar qanunu pozduğu, qanuna zidd hərəkətlər etdiyi zaman görülən tədbirlər daxildir. İqtisadi yol - buraya isə kimlərinsə qeyri-qanuni yolla vəsait əldə edərək milli-mənəvi dəyərlərimizin zədələnməsi üçün istifadə edilməsinə yol verilməməsi istiqamətində tədbirlərin həyata keçirilməsi daxildir. Biz iqtisadiyyatda açıq qapı elan etsək də, mənəvi aləmdə açıq qapı elan edə bilmərik. Dünyanın istənilən şirkəti gəlib burada iş görə bilər. Amma istənilən dini cərəyanın burada yayılmasına imkan verə bilmərik. Baxmayaraq ki, Azərbaycan tolerant ölkədir, ancaq tolerantıq deyə öz mövqelərimizi də başqasına güzəştə gedə bilmərik. Tolerantlıq o demək deyil ki, radikal cərəyanlar burada istədiyini edə bilər. Milli-mənəvi dəyərlərimizə müdaxilə ediləndə bu, artıq tolerantlıq olmur. Tolerantlıq dözümlü yanaşma deməkdir. Biz həm Xristianlıqdan, həm də İslamdan gələn radikal cərəyanların qarşısını almalıyıq və alırıq da".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti