Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir Elçin Mehdiyev/
Bu gün "Bakı-2015 Birinci Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyəti Koalisiyası" "İnsan hüquqlarına yanaşmada beynəlxalq təşkilatların ikili standarları" mövzusunda Dəyirmi Masa keçirib.
Trend-in məlumatına görə, tədbirdə millət vəkilləri, KİV və QHT rəhbərləri, politoloqlar və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib ki, Avropa Oyunlarının başlanmasına 1 həftədən də az vaxt qalıb: "Şübhə yoxdur ki, ölkəmizə gələn idmançılar və turistlər bu Oyunların yüksək səviyyədə təşkil olunmasının şahidi olacaq".
R.Qonaqov bildirib ki, təəssüflər olsun ki, bu Oyunlar yaxınlaşdıqca Azərbaycana dost olamayan qüvvələrən narahatlığı artır və ölkəmizə qarayaxma kampaniyası güclənir: "Bəzi qüvvələr sülhə, insanların birliyinə yönəlmiş tədbirləri, sabitliyi dəstəkləmək istəmirlər".
R.Qonaqov Avropa Şurasının insan haqları Komissarı Nils Muzinieks, BMT-nin məruzəçisi Mişel Forst və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatoviçin "Opendemocracy" internet portalında dərc edilmiş məqaləsini şərh edərək bildirib ki, bunlar vahid mərkəzdən idarə olunan qüvvələrdir və bütün səylərinin boşa çıxmasını görərək antiazərbaycan fəaliyyətlərini daha da artırılar.
R.Qonaqov bildirib ki, Azərbaycan vətəndaş cəmiyyəti də bu qara qüvvələrə qarşı birlik nümayiş etdirməli və onların cəhdlərinin qarşısını almalıdır.
Daha sonra çıxış edən Koalisiyanın koordinatoru Aydın Quliyev isə bildirib ki, görünən budur ki, Azərbaycan Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşdıqca, Azərbaycana qarşı qarayaxma kampaniyası, ölkəni nüfuzdan salmaq üçün materiallların yayılması artır: "Onlar düşünürdülər ki, Azərbaycan bu Oyunlara vaxtında hazırlaşa bilməyəcək. Ancaq görəndə ki, Azərbaycan Oyunlara yüksək səviyyədə hazırlaşır və hər şey vaxtında yerinə yetirilir, onlar qarayaxma kampaniyasını gücləndirməyə başladılar".
A.Quliyev bildirib ki, Azərbaycan Avropa Oyunlarının siyasiləşdirilməsinin qarşısını almağa çalışsa da, ancaq bəzi qüvvələr bunu siyasiləşdirməkdən əl çəkmirlər: "Əgər bu idman tədbiridirsə, bunu bu qədər siyasiləşdirməyin nə mənası var? Bu, Azərbaycanın daxili işinə qarşmaqdır və hətta insanları hakimiyyətə qarşı qızışdırmaqdır. Onlar bəyan edirlər ki, hansısa beynəlxalq təşkilatın nümayəndəsi guya Azərbaycanda təzyiqə məruz qalıb. Sizcə hansısa beynəlxalq təşkilatın nümayəndəsi Azərbaycanda təzyiqə məruz qalıb? Görünür, Avropa Oyunları yaxınlaşdıqca, bunların narahatlığı artır. Artıq mənasızdır, çünki Azərbaycan Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşıb".
Daha sonra çıxış edən Milli QHT Forumunun Prezidenti Rauf Zeyni isə bildirib ki, illərdir Azərbaycan ikili standartlarla məruz qalır: "Avropa Oyunlarına bir həftə qalmış bu dairələr ikili standartlarını daha da gücləndiriblər. Bu ikili standartların iki səbəbi var. Biri odur ki, bəzi dövlətlər və təşkilatlar böyük tədbirlər ərəfəsində Azərbaycana təzyiq edərək ölkənin təbii sərvətlərindən yararlanmaq istəyirlər. İkincisi isə, Azərbaycanın müstəqilliyinə zərbə vurmaqdır. Azərbaycanın müstəqil siyasət aparması, dünyada nüfuz sahibi olması, öz yolundan dönməyəcəyini bəyan etməsi bu təşkilatların ölkəmizə qarşı hücumlarını daha da artırır".
R.Zeyni bildirib ki, bu qüvvələrin səyləri hər dəfə boşa çıxır və Azərbaycan heç vaxt müstəqil siyasətindən geri çəkilməyəcək.
"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə çıxış edərək bildirib ki, Azərbaycanın dünya birliyində nüfuzunun artması dostlarımız qədər düşmənlərimizin də ortaya çıxmasına səbəb olur: "Bu, kimin kim olduğunu, kimin hansı məqsədə qulluq etdiyini ortaya qoyur. Bu təkcə bu günün problemi deyil. Azərbaycana qarşı bir sıra dövlətlərin və beynəlxalq təşkilatların sərgilədiyi ikili standartlardır. Bir sıra dövlətlər və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ məsələsində Azərbaycana qarşı obyektiv münasibət bəsləməkdə acizdirlər və bunu bilərəkdən edirlər".
V.Rəhimzadə bildirib ki, təbii ki, bütün bu cəhdlər əbəsdir, Azərbaycan müstəqil siyasət yürüdür və inkişaf edir: "Bu baxımdan hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı ölkəmizə qarşı aparılan bu qarayaxma kampaniyasına qarşı öz qətiyyətli mövqeyini ortaya qoymalıdır. Avropa ölkələrinin bir çoxunda olmayan demokratiya Azərbaycanda var. Həmin ölkələr öz daxillərindəki problemləri görmürlər, ancaq başqa ölkələrə təzyiq göstərmək üçün insan hüquqlarından istifadə edirlər. Bunlar qətiyyələ pislənməlidir və Azərbaycana qarşı ikili standartlara son qoyulması üçün sistemli şəkildə aidiyyati təşkilatlara etirazlarımızı bildirməliyik".
Politoloq Elman Nəsirov ilkin mərhələdə təzyiqlərin Avropa Oyunlarının keçirilməsinə Azərbaycanın hazırlaşa bilməyəcəyi yönündə olduğunu qeyd edib: "Ancaq görəndə ki, Azərbaycan Avropa Oyunlarını keçirməyə hazırdır, təzyiq istiqamətini dəyişdilər. BMT, ATƏT və Avropa Şurası nümayəndəsinin hazırladığı birgə məqalədə də Azərbaycanın siyasəti hədəf seçilib. Bu təzyiqlər Avropa Oyunlarından sonra da olacaq. Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycana qarşı qətnamə layihəsinin qəbulu gündəmə gələcək. Həmməruzəçilər bununla bağıl qətnamə layihəsi hazırlayıblar. Digər tərəfdən, Avropa Oyunları zamanı Azərbaycana gələn jurnalistlərin ölkəmizə qarşı müəyyən məlumatlar toplayaraq müvafiq dairələrə göndərilməsini də proqnozlaşdırmaq mümkündür. Bu təzyiqlərin kökündə bir çox amil dayanır. Azərbaycan prezidenti İlham Əliyev müstəqil siyasət yürütdüyü üçün belə təzyiqlərlə üzləşmişik. Azərbaycanda müəyyən müxalif qüvvələr də Avropa Oyunlarını boykota çağırırlar. Azərbaycan İrana qarşı aksiyada iştirak etmir, Dağlıq Qarabağla bağlı güzəştə getmir, antiazərbayan addımları atmır. Müxalifət əslində, buna sevinməlidir".
"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz isə bildirib ki, bizim bu məsələlərə dərhal reaksiya verməyimiz və gündəmə gətirməyimiz çox vacibdir: "Bizə olan təzyiqlərin qaynaqları da məlumdur. Geosiyasi, geostrateji, geohərbi maraqlar bu təzyiqlərin qaynaqlarıdır. Nə də etsən, onlar bir şey tapıb Azərbaycana qarşı hücum edəcəklər".
Y.Oğuz bildirib ki, birinci Avrpopa Oyunları ərəfəsində də bu iki standartlar davam edir: "Bu gün Avropa Oyunları təkcə idman sahəsində deyil, Azərbaycan mədəniyyəti ilə yanaşı, digər sahələrin də inkişafına təsir göstərir. Avropa Oyunları Azərbaycan tarixində iz qoyacaq və kifayət qədər ölkənin inkişafına təsir göstərəcək".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də çıxış edərək qeyd edib ki, Qərbin Azərbaycana qarşı həyata keçirdiyi qarayaxma kampaniyasında kifayət qədər korporativ maraqlar var. O bildirib ki, "muzdlu üçlük" (Nils Muzinieks, Mişel Forst və Dunja Mijatoviç) Azərbaycana qarşı qərəzli məqaləyə imza atıblar: "Azərbaycanda konkret cinayət əməlinə görə həbs edilən müəyyən şəxslərlə və qrant dəllalları ilə bu üçlüyü müəyyən korporativ maraqlar birləşdirir. Avropa Şurasının insan haqları komissarı Nils Mujnieksin ilkin maraqları insan haqlarının müdafiəsi olmalıdır. Bu şəxs müraciət edir ki, Suriya və digər ölkələrdən gələn insanlar Avropa ölkələrinə buraxılmasınlar. Doğu Prinçek qondarma "erməni soyqırımı" ilə bağlı həbs ediləndə ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Mijatoviçin səsi çıxmadı. Bu dairələrin nümayəndələri insan hüquqlarından dəm vursalar da, separatçı və işğalçı rejim tərəfindən girov götürülən azərbaycanlılarla bağlı nədənsə susurlar. İnsan haqları deyiləndə siyasi maraqlar kənarda qalmalıdır. Ancaq bu təşkilatlar siyasi və korporativ maraqları hər zaman əsas tuturlar. Onları heç də insan haqları maraqlandırmır".
E.Mirzəbəli əlavə edib ki, əgər bu gün separatçı Bako Saakyan Avropaya istədiyi zaman səfər edirsə və ona heç bir əngəl yaradılmırsa, bu bir daha Avropanın separatizmi dəstəklədiyini ortaya qoyur.