...

Yeni yaradılan Moskva Dövlət Tibb Universitetinin filialında 100 tələbə oxuyacaq

Cəmiyyət Materials 29 İyun 2015 11:23 (UTC +04:00)
Sentyabrın 15-də Bakıda fəaliyyətə başlayacaq İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin filialında yeni tədris ilindən etibarən 100 tələbə “müalicə işi” ixtisası üzrə dövlət sifarişi əsasında təhsilə başlayacaq.
Yeni yaradılan Moskva Dövlət Tibb Universitetinin filialında 100 tələbə oxuyacaq

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Sentyabrın 15-də Bakıda fəaliyyətə başlayacaq İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin filialında yeni tədris ilindən etibarən 100 tələbə "müalicə işi" ixtisası üzrə dövlət sifarişi əsasında təhsilə başlayacaq.

Universitetdən Trend-ə verilən məlumata görə, Bakı filialının yaradılmasını əhəmiyyətli hadisə adlandıran İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Azərbaycanla ənənəvi və zəngin əlaqələrinin olduğunu vurğulayıb və ölkə rəhbərliyinin təhsil sahəsinə diqqətini yüksək qiymətləndirib. Məhz bu amil universitet filialının Bakıda yaradılması haqqında qərarın verilməsinə səbəb olub.

Qeyd edək ki, Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında qərar Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncam əsasında qəbul edilib. Eyni zamanda Rusiya Səhiyyə Nazirliyi də universitetin Bakı filialının yaradılması haqqında müvafiq əmr imzalayıb.

Filialın yaradılmasında məqsəd Azərbaycan Respublikasında tibb təhsilinin təkmilləşdirilməsi və bu sahədə dünyanın nüfuzlu ali təhsil mərkəzləri ilə əlaqələrin genişləndirilməsi, həmçinin ölkə vətəndaşlarının Rusiya Federasiyasının tibb təhsili müəssisələrində oxumaq arzusunun təmin olunmasından ibarətdir.

İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko onu da qeyd edib ki, rəhbərlik etdiyi universitet Bakıda yaradılan filialın kadrlarla təminatına və tədris prosesinin təşkilinə metodoloji dəstəyini göstərəcək. Tədris əsasən Universitetin professor-müəllim heyəti tərəfindən yeni nəsil təhsil standartlarına uyğun aparılacaq və tədris prosesinə dünyada tanınmış Rusiya alimləri cəlb olunacaq. Filialda həkim-mütəxəssislərin hazırlanması zamanı innovatov təhsil texnologiyalarının tətbiqi və master-klasların keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti