Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Səhiyyə Nazirliyi dondurma və sərinləşdiriçi içkilərin satışına nəzarəti gücləndirib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, mövsümlə əlaqədar əhalinin sərinləşdiriçi içkilərə də tələbatı artır. Sərinləşdiriçi içkilərin istehsal texnologiyasında sanitariya qaydalarının tələblərinə əməl olunmaqla hazırladıqda, eyni zamanda saxlanma temperaturuna yararlılıq müddətinə əməl olunduqda qida üçün yüksək təhlükə riski daşımır. Lakin bu məhsulları günəş şüası altında və ya isti havada uzun müddət saxladıqda keyfiyyətinin korlanmasına və içdikdə zərərli təsirlərə malik ola bilər.
Bu baxımdan cari ilin iyun ayında respublika ərazisində fəaliyyət göstərən 4 dondurma istehsalı sahəsində və 6 sərinləşdirici içkilər istehsalı sahəsində yoxlamalar həyata keçirilib.
Mövsüm ərzində dondurma istehsalı müəssisələrində sanitariya qayda və normalarının pozulması barədə müraciətlər olarsa, qanunvericiliyə uyğun yoxlamalar həyata keçiriləcək.
Respublikanın Baş dövlət Sanitariya həkiminin müavini tərəfindən qəbul edilmiş 21 saylı 06.07.2006-cı il tarixli qərarla əhalinin kütləvi toplaşdığı ərazilərdə, park və meydanlarda, pərakəndə ticarət yerlərində açıq şəraitdə qazlaşdırılmış suların və sərinləşdirici içkilərin satışı qadağan edilib.
Açıq halda kvas satışı zamanı sanitariya qayda və normalarının ciddi pozulması hallarınıa yol verilməsi nəzərə alınaraq istehsal edilən açıq kvas məhsuluna gigiyenik sertifikatlar verilməyib.