...

"Kapital Bank"dan basqınla bağlı açıqlama gəldi

Cəmiyyət Materials 4 İyul 2015 15:33 (UTC +04:00)
"Kapital Bank" Abşeron filialının keçmiş binasına basqınla əlaqədar rəsmi açıqlama yayıb.
"Kapital Bank"dan basqınla bağlı açıqlama gəldi

Azərbaycan, Bakı, 4 iyul /Trend/

"Kapital Bank" Abşeron filialının keçmiş binasına basqınla əlaqədar rəsmi açıqlama yayıb.

Bankdan Trend-ə daxil olan məlumatda deyilir: "İyulun 3-də axşam saatlarında "Kapital Bank"ın Abşeron filialının Xırdalan şəhəri, Qalibiyyə küçəsi, 27-ci məhəllə ünvanında yerləşən keçmiş binasına basqın olub. Basqın edən şəxs filial bağlandığı ərəfədə oğurluq etmək məqsədilə banka daxil olub, lakin filialda gecə növbəsində keşik çəkən mülki mühafizəçi Hamlet Şıxəliyevin müqavimətinə rast gələrək onunla bir müddət əlbəyaxa olduqdan sonra niyyətinə çatmadan hadisə yerindən qaçmağa cəhd göstərib. "Kapital Bank"ın təhlükəsizlik xidmətinin və Abşeron rayon Mühafizə Polisi İdarəsinin əməkdaşlarının birgə uğurlu səyi nəticəsində basqın edən şəxs dərhal tutulub. İlkin araşdırma zamanı məlum olub ki, cinayətkar "Kapital Bank"da sürücü-inkassator vəzifəsində bir müddət çalışmış Hikmət Əliyevdir".

Bank məlumat üçün bildirir ki, bir neçə gün öncə "Kapital Bank"ın Abşeron filialı yeni təmirdən çıxmış binaya köçürüldüyü üçün basqın zamanı binada hər hansı maddi vəsait və qiymətli əşya olmayıb: "Basqın zamanı filialı mühafizə edən H.Şixəliyev yüngül yaralanıb, ona hadisə olduqdan dərhal sonra təcili yardım göstərilib və xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti normaldır. "Kapital Bank" vəzifəsini layiqincə yerinə yetirən Abşeron rayon Mühafizə Polisi İdarəsi və bankın təhlükəsizlik xidmətinin əməkdaşlarına dərin təşəkkürünü bildirir, eyni zamanda, H.Şıxəliyevin müalicəsi ilə əlaqədar bütün xərcləri öz üzərinə götürür".

Qeyd olunur ki, dünən baş vermiş hadisə lokal xarakter daşıdığı üçün "Kapital Bank"ın fəaliyyətinə təsir göstərməyib: "Bankın bütün filialları, o cümlədən yeni istifadəyə verilmiş Abşeron filialı bu gün normal rejimdə müştərilərə xidmət göstərməkdə davam edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti