Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İlkin İzzət/
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində korrupsiya hallarına qarşı ciddi mübarizə aparılır. Trend-in məlumatına görə, bunu Xidmətin rəisi general-leytenant Arzu Rəhimov milli mətbuatın 140 illiyi ilə bağlı jurnalistlərlə keçirdiyi görüşdə deyib.
A.Rəhimov qeyd edib: "İstisna etmirik ki, kimsə-kimsədən nəsə istəyir. Amma buna ilk növbədə şərait yaradan vətəndaşlardır. Kimdə belə fakt varsa, məlumatı versin, araşdıraq".
Onun sözlərinə görə, Xidmət çalışır ki, orduya gedən şəxslər hazırlıqlı olsunlar: "Biz ordu üçün sürücülərdən başqa aşpaz, paraşütçülər, snayperlər, kəşfiyyatçılar, atıcılar hazırlayırıq. Bu işdə KİV-lərin rolu böyükdür".
A.Rəhimov bildirib ki, KİV-lərdə dövlət təhlükəsizliyi ilə bağlı məsələlərdə çox diqqətli və incə yanaşma olmalıdır.