Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir Elmir Murad/
Bu il qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərlə Bakı Gənclər Evində görüş keçirilib.
Trend xəbər verir ki, görüşdə Milli Məclisin deputatları Fuad Muradov, Məlahət Həsənova, Sahibə Qafarova, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağıyev və Parlament Jurnalistlər Birliyinin (PJB) sədri Elşad Eyvazlı iştirak edib.
F.Muradov çıxış edərək yüksək bal toplayanaları təbrik edərək onlara yeni qəbul olduqları ali məktəblərdə daha böyük müvəffəqiyyətlər arzulayıb. O, sonra dövlətin tələbələrə qayğısından danışaraq, bundan sonra bu cür tədbirlərin davam etdiriləcəyini qeyd edib.
Digər deputat və rəsmilər də çıxışlarında tələbələrə müvəfəqiyyətlər arzulayıblar. Onları bundan sonra daha məsuliyyətli təhsilin gözlədiyini bildiriblər.
Yüksək bal toplayan tələbələr çıxış edərək millət vəkillərinə onları maraqlandıran bəzi suallar veriblər. Sonda abituriyentlərə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, görüş Parlament Jurnalistlər Birliyinin və modern.az saytının təşkilatçılığı ilə baş tutub.