Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İlkin İzzət/
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan "Əl-Cəzirə" Araşdırmalar Mərkəzinin baş tədqiqatçısı və "Əl-Cəzirə" Televiziyasının İran məsələləri üzrə müşaviri Fatima Ahmad Alsmadini qəbul edib.
QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, QMİ sədri qonağa Azərbaycanda İslam dininin yayılması, xalqımızın islam mədəniyyəti xəzinəsinə verdiyi töhfələr barədə, sovetlər dönəmində ateizm rejimi dövründə mənəvi sahədə yaşanmış çətinliklər, habelə müstəqil Azərbaycanda dini-mənəvi irsimizin dirçəldilməsi yönündə görülən işlər barədə geniş məlumat verib. Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını fəxrlə vurğulayan Şeyxülislam ali mənəviyyat mənbəyimiz olan dinimizə ulu öndər Heydər Əliyevin diqqət və qayğısından ətraflı danışıb.
A.Paşazadə xüsisi vurğulayıb ki, məhz ümummilli liderimiz Heydər Əliyev müstəqilliyinə qovuşmuş Azərbaycanda dini mədəniyyətin, tolerantlıq və dinlərarası dialoqun proqram əsaslarının təməlini qoyub. Məscid, kilsə və sinaqoqların böyuk qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi, dinlər və məzhəblər arası müstəvidə ehtiramlı münasibət hökm sürür.
Azərbaycanın dövlət başçısı Prezident İlham Əliyevin qlobal miqyasda multikulturalizm ideyalarının fəal müdafiəçisi olduğunu qeyd edən QMİ sədri qonağa Azərbaycanda dövlət səviyyəsində keçirilən ənənəvi Mədəniyyətlərarası Dialoq Forumları, Dini liderlərin Ümumdünya Sammiti, milli-mənəvi və bəşəri ideyaları uğurla təbliğ edən Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın himayədarlığı ilə YUNESKO və İSESKO xətti ilə keçirilən tədbirlər, habelə Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq təşkilatlar və elm mərkəzləri ilə birgə ölkəmizdə və xaricdə keçirdiyi mötəbər tədbirlər barədə məlumat verib. QMİ sədri bildirib ki, bu səylərin sayəsində Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır.
Şeyxülislam A.Paşazadə QMİ-nin fəaliyyətində dinlərarası dialoqun inkişaf etdirilməsinin prioritet istiqamət təşkil etdiyini qonağın diqqətinə çatdırıb və bu sahədə görülən işlər, dünyanın dini mərkəzləri ilə əlaqələri barədə danışıb.
"Əl-Cəzirə Araşdırmalar Mərkəzinin baş tədqiqatçısı Fatima Ahmad Alsmadi təmsil etdiyi "Əl-Cəzirə" Televiziyası adından Şeyxülislama müsahibə üçün təşəkkür edib, onu maraqlandıran sualları QMİ sədrinin ətraflı cavablandırmasından məmnunluğunu bildirib.
Azərbaycana səfərindən əvvəl müxtəlif mənbələrin məlumatlarına istinad etdiyini diqqətə çatdıran qonaq, ölkəmizdə keçirdiyi görüşlər və apardığı müşahidələrindən aldığı xoş təəssüratlarını bölüşüb. Xanım Alsmadi Azərbaycanda gerçək tolerantlıq mühitinin, dini irsə ehtiramın, multikultural həyat tərzinin həqiqətən böyük dəyər kəsb etdiyini xüsusi vurğulayıb. Dünya miqyasında nüfuzlu dini lider olan Şeyxülislam A.Paşazadənin həyatı və 35 illik fəaliyyətini əks etdirən kitab və albomları nəzərdən keçirən tədqiqatçı jurnalist QMİ sədrini böyük əməllər sahibi kimi səciyyələndirib.
Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim olunub.
Görüşdə QMİ sədrinin birinci müavini Müfti Salman Musayev və qonağı Azərbaycana dəvət etmiş Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndəsi Umud Rəhimoğlu iştirak ediblər.