...

Dövlət Sosial Müdafiə Fondu Beyləqanda regional “Açıq qapı günü”- vətəndaş forumu keçirib (FOTO)

Cəmiyyət Materials 11 Sentyabr 2015 12:26 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq sentyabrın 11-də Beyləqanda növbəti regional “Açıq qapı günü”- vətəndaş forumu keçirib.
Dövlət Sosial Müdafiə Fondu Beyləqanda regional “Açıq qapı günü”- vətəndaş forumu keçirib (FOTO)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Dövlət Sosial Müdafiə Fondu (DSMF) "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq sentyabrın 11-də Beyləqanda növbəti regional "Açıq qapı günü"- vətəndaş forumu keçirib.

Fonddan Trend-ə verilən məlumata görə, tədbirdə sosial sığorta ödəyicilərini və pensiyaçıları maraqlandıran çoxsaylı suallarla bağlı geniş müzakirələr aparılıb.

"Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması" mövzusuna həsr olunan tədbirdə Beyləqan, Xocavənd, Fizuli və İmişli rayonlarından olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak edib. Vətəndaş forumunda sığortaolunanlar və pensiyaçıların əsasən sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılmasına dair çoxsaylı sualları cavablandırılıb, bu məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.

Müzakirələrin gedişində DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, çoxsaylı pensiyaçı və sosial sığortaolunanlar kontingentinə qabaqcıl beynəlxalq təcrübəyə uyğun avtomatlaşdırılmış xidmətin təşkili məsələlərinin həllində Fond öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. F.Qədimov ölkəmizin sığorta-pensiya sistemində təqdim olunan elektron xidmətlərin pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla üç istiqamətdə aparıldığını vurğulayıb və qeyd edib ki, hazırda Fondun mərkəzi məlumat bazasında 1 milyon 291 mindən çox pensiyaçı, 3 milyon 126 min 905 sığortaolunan barədə müvafiq məlumatlar toplanıb ki, bu da ölkə əhalisinin 45 faizini təşkil edir.

"Elektron hökumət" portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlərin ən çox istifadə olunan xidmətlər sırasında yer aldığını diqqətə çatdıran F. Qədimov onu da qeyd edib ki, Fondun sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı sığortaedənlərə göstərdiyi elektron xidmətlər hər bir müavinət növü üzrə ayrıca təşkil olunub. Bu xidmətlər 5 növ müavinətlər üçün müraciətlərin elektron qaydada DSMF-yə təqdim olunmasını nəzərdə tutur. Bunlar əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə müavinət, uşağa qulluğa görə müavinət və dəfn üçün müavinətdir. Qeyd olunub ki, qüvvədə olan qanunvericiliyə əsasən, müavinətlərin təyin olunması işçinin işlədiyi sığortaedəndə fəaliyyət göstərən müvafiq komissiya tərəfindən yerinə yetirilir. Sonra zəruri sənədlər sığortaedən tərəfindən müraciətlə birgə DSMF orqanına elektron qaydada təqdim olunur. DSMF orqanı qeyd edilən sənədlər əsasında müavinətin bilavasitə işçinin plastik kart hesabına dərhal ödənişini həyata keçirir.

Forumda bildirilib ki, sığorta-pensiya sisteminin yeni inkişaf mərhələsində prioritet hədəflər Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiqlənən "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"nın çərçivəsində müəyyən olunub. Bu konsepsiya ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olunması məqsədi daşıyır.

Sonra DSMF-nin əməkdaşı Azəri Məmmədov təqdimatla çıxış edərək, tədbir iştirakçılarını Fondun göstərdiyi elektron xidmətlər, eləcə də məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin təyin edilməsi, hesablanması və ödənilməsi ilə bağlı şərt və qaydalar, müavinətlərin təyin olunması üçün zəruri sənədlər, qanunvericilikdə müəyyən edilmiş tələblər barədə ətraflı məlumatlandırıb.

DSMF-nin digər əməkdaşı Nahid Qasımovun Fondun fəaliyyət istiqamətləri barədə çıxışından sonra diskussiyalarla davam etdirilən "Açıq qapı günü" - regional vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı əlavə sualları cavablandırılıb, təklifləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti