...

Azərbaycanda Turizm Fondu yaradılır

Cəmiyyət Materials 18 Sentyabr 2015 16:11 (UTC +04:00)
Azərbaycanda turistlərin təhlükəsizliyinin təmin olunması üçün Turizm Fondunun yaradılması planlaşdırılır.
Azərbaycanda Turizm Fondu yaradılır

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda turistlərin təhlükəsizliyinin təmin olunması üçün Turizm Fondunun yaradılması planlaşdırılır.

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov Trend-ə bildirib ki, artıq bununla bağlı müzakirələrə başlanılıb.

Assosiasiya sədrinin sözlərinə görə, Azərbaycanın "Turizm haqqında" mövcud qanununda turistlərin hüquqları qorunmayıb: "Dünya praktikasına görə, turizm şirkəti lisenziya almaq üçün müəyyən bank zəmanəti təqdim edir. Bu məsələ bizim qanunda nəzərdə tutulmayıb. Buna görə də turizm şirkəti müflis olduqda turistin taleyi naməlum qalır. Çünki turistin bununla bağlı sığortası yoxdur. Biz qərara gəldik ki, bu boşluqları aradan qaldırmaq üçün belə bir fond yaradaq".

Assosiasiya sədri qeyd edib ki, Fondun yaradılması nəticəsində turizm şirkətləri turistləri sığortalaya biləcəklər: "Turistimizin xarici ölkədə problem yaşamaması üçün belə bir Fond yaradırıq. Məqsəd də odur ki, turist xaricə gedibsə və onu göndərən şirkət müflis olubsa, turist geri qayıda bilsin".

N.Bağırov bildirib ki, Fondun AzTA tərkibində olub-olmayacağı hələ bilinmir.

Assosiasiya sədrinin sözlərinə görə, Fond yaradıldıqdan sonra turizm şirkətlərinin ona vəsaiti hansı formada ödəyəcəyi dəqiqləşdirilməyib: "Şirkətlər bu Fonda nağd şəklində müəyyən vəsait ödəyə, yaxud onu bank zəmanəti şəklində təqdim edə bilərlər. Bu məsələlər hələ tam dədiqləşdirilməyib, hazırda müzakirə edilir".

AzTA sədri əlavə edib ki, ilkin mərhələdə turizm şirkətlərinin Fonda könüllü cəlb edilməsi nəzərdə tutulur: "Bundan sonra kim Fonda üzv olacaqsa, həmin turizm şirkəti bizim tövsiyyə etdiyimiz şirkətlərin siyahısında olacaq".

Artıq Rusiyada dövlət və böyük tur operatorların iştirakı ilə Turizm Fondunun yaradıldığını deyən N.Bağırovun sözlərinə görə, əslində, Azərbaycanın qanunvericliyində hər turizm şirkətinin lisenziya almamışdan əvvəl bank zəmanətinin təqdim edilməsinin zəruriliyi bildirilsə idi, ölkədə belə bir bir fondun yaradılmasına ehtiyac olmazdı. Çünki turizm şirkəti ilə turist arasında problemli vəziyyət yarandıqda həmin zəmanət hesabına turistin xərclərini kompensasiya etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti