...

Azərbaycan İntellektual Oyunlar Klubu 4-cü mövsümə start verir (FOTO)

Cəmiyyət Materials 21 Sentyabr 2015 16:56 (UTC +04:00)
Azərbaycan İntellektual Oyunlar Klubu (AİOK) yeni oyun mövsümünə start verir.
Azərbaycan İntellektual Oyunlar Klubu 4-cü mövsümə start verir (FOTO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Azərbaycan İntellektual Oyunlar Klubu (AİOK) yeni oyun mövsümünə start verir.

Yeni mövsümdə bir sıra yeniliklər edən klub fərqli çempionatlarla intellektual yeniliklərə imza atmaqda iddialıdır. Klubun prezidenti Aydın Piriyev bildirib: "Keçən mövsüm klubun rəsmi saytında yer alan Azərbaycan və rusdilli sual bazasını ərsəyə gətirərək Azərbaycanda ilkə imza atmışdıq. Bu mövsümdə də intellektualların təşəbbüs və təkliflərini hər zaman dəstəkləyəcəyik. Yeni mövsümə müjdəli bir xəbərlə başlayaq. Bildiyiniz kimi, biz, əsasən, orta və ali təhsil müəssisələrini əhatə edirdik. 2015-2016-cı tədris mövsümündən isə paralel olaraq məktəbli premyer liqasına start verəcəyik. İlkin olaraq "Parlaq Zəka" 1-ci məktəbli çempionatında iştirak etmiş məktəblilərlə başlasaq da, növbəti oyunlarda bütün məktəblərin təmsil olunması gözlənilir. Yeniliklər və qeydiyyat barədə xəbərdar olmaq üçün məktəblilərdən bizim rəsmi sayt və "facebook" səhifəmizi izləmələri xahiş olunur".

Azərbaycan İntellektual Oyunlar Klubu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən təşkil olunan və respublikanın ali təhsil müəssissələri arasında sinxron çempionat hər şənbə günü Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, ADA Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Avrasiya Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Universiteti, Edinburq Universiteti, Lənkəran Dövlət Universiteti və Bakı Kompüter Kollecində keçirilir.

Sinxron çempionatla paralel olaraq hər həftənin bazar günləri AİOK-un təşkilatçılığı ilə Azərbaycan və rus dillərində "Nə? Harada? Nə zaman?", "Fərdi Oyun" və "Breyn Rinq" formatında oyunlar keçirilir. Nəzərinizə çatdıraq ki, suallar peşəkar redaktor heyəti tərəfindən tərtib olunur. Oyunda tələbələrarası sinxron çempionatlarda aktivlik göstərən ali müəssisələri təmsil edən komandalar, intellektual hərəkatda aktiv olan tələbə gənclər və ümumi intellektuallar iştirak edir. Klub iki dildə oyunlar təşkil edən yeganə intellektual klubdur.

Qeyd edək ki, 2014-2015-ci tədris ilində keçirilmiş ilk turlarda ümumlikdə 280 komandanın iştirakı qeydə alınıb. Sinxron çempionatın nəticələrinə görə birinci yerin sahibi ARPDİA komandası olan "Latsio", ikinci yerin "Diplomaticos" (BDU), üçüncü yerin isə "Şeş qoşa" (ATU) olmuşdu.

"Nə? Harada? Nə Zaman?" üzrə keçirilən ilk iki çempionatın qalibi "HİT" komandası olsa da, mövsümdə liderliyi "Revolver" komandası əldə etdi. İkinci yerə "Hərum", 3-cü yerə isə "HİT" komandası sahibləndi.

Rus dilində keçirilən premyer liqanın qalibləri - 1-ci yer "Nevada", 2-ci yer "Лига Справедливости", 3-cü yer "Who run the world" komandaları oldu.

Bütün qalib komandalar klub tərəfindən diplom və hədiyyələrlə təltif olunmuşdular.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti