...

Sosial müdafiəyə xüsusi ehtiyacı olan 577 nəfər iş yerləri ilə təmin edilib

Cəmiyyət Materials 22 Sentyabr 2015 13:34 (UTC +04:00)
Dövlət Məşğulluq Xidməti sosial müdafiəyə xüsusi ehtiyacı olan 577 nəfər kvota üzrə ayrılmış iş yerləri ilə təmin edib.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan 577 nəfər iş yerləri ilə təmin edilib

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Dövlət Məşğulluq Xidməti sosial müdafiəyə xüsusi ehtiyacı olan 577 nəfər kvota üzrə ayrılmış iş yerləri ilə təmin edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Nazirlik yanında Dövlət Məşğulluq Xidməti cari ilin yanvar-avqust aylarında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 577 nəfər vətəndaşı kvota üzrə ayrılmış iş yerləri ilə təmin edib.

Həmin şəxslərdən 208 nəfəri əlilliyi olan şəxslərdən, 130 nəfəri məcburi köçkünlərdən, 95 nəfəri yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlərdən ibarət olub. Digərlərini sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynlər, müharibə veteranları və şəhid ailəsi üzvləri, pensiya yaşına 2 ildən az qalmış şəxslər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş vətəndaşlar təşkil edib.

Qeyd edilən kateqoriyalardan olan insanlar "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununa əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar hesab olunurlar. Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası"nda belə şəxslər üçün müəssisələrdə işçilərin sayı 25-dən 50-dək olduqda işçilərin orta illik siyahı sayının 3 faizi, 50-dən 100-dək olduqda 4 faizi, 100-dən çox olduqda isə 5 faizi miqdarında kvota yerinin müəyyən edilməsi nəzərdə tutulur.

Cari ilin 8 ayında Dövlət Məşğulluq Xidməti tərəfindən ümumilikdə 18 min 678 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti