Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Üç il əvvəl "Şərq-Qərb" Nəşriyyat Evinin çap etdirdiyi 1-5-ci sinif şagirdləri üçün nəzərdə tutulan gündəliklərdə reklamların yerləşdirilməsi təhsil ictimaiyyəti, eləcə də valideynlər tərəfindən narazılıqla qarşılanmış və bildirilmişdi ki, onlar uşaqların tədris prosesindən yayınmasına imkan verir. Həmin vaxt bununla bağlı Trend-ə açıqlama verən nəşriyyat rəhbərliyi bildirmişdi ki, gündəlikdəki reklamlar şagirdlər üçün maraqlı olmaya bilər. Amma nəşriyyat rəhbərliyi belə hesab etmişdi ki, uşaqlarla yanaşı, valideynlər, müəllimlər də gündəliyə baxırlar. Bu baxımdan gündəliklərdə reklamların yerləşdirilməsi sərfəlidir.
Yəqin ki, vaxtında edilmiş bu narazılıqların nəticəsidir ki, bu gün satışda olan gündəliklərdə reklamın yerləşdirilməsi hallarına rast gəlinmir. Apardığımız müşahidələr zamanı da gördük ki, bu gün gündəliklər şagirdlərə dövlətimizin xüsusi tarixi günləri, bayramları haqqında xatırladıcı məlumatlar verməklə həm də maarifləndirici rol oynayır.
Bu ilin mayında qəbul edilmiş "Reklam haqqında" qanun ölkədə dərslik, dərs vəsaiti, tədris materialı, məktəb gündəliyi, dəftər və albomda reklamın yerləşdirilməsini qadağan edib. Lakin məsələ ondadır ki, bu gün dəftər, albom nəşri sahəsində yerli istehsalın həcmi az olduğundan bu vəsaitlər Azərbaycana əsasən Rusiyadan gətirilir. Məhz üzərində daha çox maşınların reklam edildiyi, bəzəkli görkəmi ilə diqqəti cəlb edən Rusiya istehsallı bu dəftərlər daha çox alıcı toplayır və beləliklə də tədris zamanı daha çox istifadə edilmiş olur.
Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev Trend-ə açıqlamasında dərs vəsaitlərində biznes reklamlarının verilməsinin tərəfdarı olmadığını bildirib: "İndi nəşriyyatlar özəldir, hər biri özü üçün dəftər nəşr edərək satışa çıxarır. İndi şagird dəftərlərinin hamısı müəyyən reklamlarla doludur. Bu da, görünür, zamanın işidir. Əlbəttə, biz onun tərəfdarı deyilik ki, orada hansısa biznes reklamı getsin. Orada elə reklamlar olmalıdır ki, uşağı tədrisdən yayındırmasın. Ancaq nəşriyyatlar özlərinin korporativ maraqlarından çıxış edərək müəyyən şəkillər verirlər ki, bu da yanlış yanaşmadır".
Ə.Quliyev deyib ki, Təhsil Nazirliyi gündəlik və dəftərlərin istehsalına, eləcə də onlarda reklamların yerləşdirilməsi məsələsinə müdaxilə etmir: "Nazirlik reklam məsələlərinə qarışmır. Nəşriyyatlar onları öz vəsaitləri ilə çap edirsə, reklamların verilməsi də onların öz işidir".
Qurum rəsmisi bununla bağlı nazirlik tərəfindən nəşriyyatlara müəyyən tövsiyələrin verilməsini də mümkün saymır: "Bu gün Azərbaycanda 100-lərlə nəşriyyat var. Biz hansı nəşriyyata tövsiyə verək?! Onlar bizim tövsiyələrimizi eşidəcəklərmi? Nəşriyyatlar Təhsil Nazirliyinə tabe deyil. Axı tabeçilik yoxdursa, onda bizim tövsiyəmizin də heç bir gücü olmayacaq. Bu mənada onu etmək hüquqi baxımdan mümkünsüzdür. Ancaq öz nəşriyyatımız olsa, təbii ki, ona tövsiyə verə bilərik".
Azərbaycan Reklamlar İttifaqının sədri Hacıəmi Atakişiyev isə Trend-ə bildirib ki, "Reklam haqqında" yeni qanun yalnız Azərbaycan daxilində nəşr edilən dərs vəsaitlərində reklamların qadağan olunmasını nəzərdə tutmur. Bu qadağa həm də ölkəyə xaricdən gətirilən dərs vəsaitlərinə aiddir.
İttifaq sədri deyib ki, hazırda Azərbaycana müəyyən dərs vəsaitləri daha çox xarici ölkələrdən gətirildiyindən onlara qarşı tədbirlərin sərtləşdirilməsi nəzərdə tutulur.
H.Atakişiyevin sözlərinə görə, hazırda Nazirlər Kabineti xaricdən Azərbaycana reklam yayan dərs vəsaitləri gətirən və onu ölkədə yayan şəxslərə qarşı cərimələrin tətbiqi və cərimələnməsi qaydalarının layihəsini hazırlayır.
O bildirib ki, belə vəsaitləri xaricdən ölkəyə gətirən şirkətlər və ya şəxslər mal aldıqları müəssisələri Azərbaycanda artıq dərs vəsaitlərində reklam verilməsinə qadağa qoyulması barədə xəbərdar etməli və Azərbaycana gətirilən dərs vəsaitlərində reklamların yerləşdirilməməsini xahiş etməlidirlər.