...

Əmək qanunvericiliyinin pozulması halları 11 faiz azalıb

Cəmiyyət Materials 7 Oktyabr 2015 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Cari ilin 9 ayında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən aşkar olunan əmək qanunvericiliyinin pozulması hallarının sayı 11 faizə yaxın azalıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin sentyabr ayında həyata keçirilən dövlət nəzarəti zamanı müxtəlif müəssisələrdə 1803 halda əmək qanunvericiliyinin pozulması faktı qeydə alınıb.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əsasən özəl sektora aid müəssisələrdə və topdansatış, tikinti, ticarət, ictimai iaşə sahələrində aşkar olunan həmin hüquq pozuntularının aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb. İnzibati xətalara yol vermiş işəgötürənlərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş məbləğlərdə cərimələr tətbiq olunub. Cərimələrin 35,7 faizi (185419 manat) dövlət büdcəsinə ödənilib.

DƏMX tərəfindən təsirli nəzarət tədbirləri və işəgötürənlər arasında davamlı təbliğat və maarifləndirmə işləri əmək qanunvericiliyinin pozulması hallarının cari ilin 9 ayında da azalması ilə müşahidə olunub. Belə ki, bu ilin yanvar-sentyabr aylarında iş yerlərində aşkar edilən belə hüquq pozuntularının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faizə yaxın azalaraq 13202-ə enib. Həmin inzibati xətalara görə işəgötürənlərə tətbiq olunmuş cərimələrin 44 faizinin, yəni 1585342 manatının dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti