Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Oktyabrın 9-dan 11-dək Bakıda IX Azərbaycan Beynəlxalq Təhsil və 9-cu Azərbaycan Beynəlxalq Karyera Sərgiləri keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə "Caspian Event Organisers"in ("CEO") təşkilatçılığı ilə Trend Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib.
Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov sərginin keçirilməsinin Azərbaycanın təhsil cəmiyyəti üçün faydalı olduğunu bildirib.
"Təhsil" və "Karyera" sərgilərinin meneceri Aliyə Nəcəfli bildirib ki, sərgilər miqyasına və tərkibinə görə, Azərbaycanda təhsil xidmətləri üzrə ən böyük tədbir hesab olunur.
Bu il "Təhsil" sərgisində Azərbaycan, Rusiya, Latviya, Litva, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, ABŞ, Türkiyə, Qazaxıstan, İsveçrə, Macarıstan və digər ölkələrin 130-dan çox ali təhsil müəssisəsi, kollec və başqa təhsil təşkilatlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcək.
Sərgidə azərbaycanlı tələbələr üçün xaricdə təhsil imkanları barədə məlumatlar Latviya, Litva, Polşa, Türkiyə və ABŞ-ın milli stendlərində təqdim olunacaq. Latviya və ABŞ bu sərginin debütantıdır.
Sərginin daha bir debütantı isə "Lüblində təhsil al" ("Study in Lublin") təşkilatıdır. Təşkilat Lüblində (Polşa) ödənişli və şəhər təqaüdü əsasında təhsil imkanlarının geniş spektrini təqdim edir.
Sərgidə ilk dəfə iştirak edəcək xarici ali təhsil müəssisələri arasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti, Kazan Milli Elmi-Tədqiqat Texnologiya Universiteti, Akademik S.P.Korolyov adına Samara Dövlət Aerokosmik Universiteti, Latviya Nəqliyyat və Rabitə İnstitutu, "MİSiS" Milli Elmi-Tədqiqat Texnologiya Universiteti, N.P.Oqarev adına Mordoviya Dövlət Milli Elmi-Tədqiqat Universiteti, Polşa Avroregional İqtisadiyyat Universiteti və digər təhsil müəssisələri yer alır.