Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi Zaur Şərifov 24 ünvanında insanlar arasında sudan baş verən mədə-bağıqsaq pozuntuları ilə əlaqədar aparılan araşdırmalar zamanı içməli suda göstəricilərin normadan kənara çıxdığı məlum olub. Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdirı Ziyəddin Kazımov deyib.
Z.Kazımov qeyd edib ki, Qaraçuxur qəsəbəsi Zaur Şərifov 24 ünvanında yaşayan bir necə nəfər mədə-bağırsaq pozuntusu ilə müalicə-profilaktika müəssisələrinə müraciət edib: "Aparılan araşdırmalar nəticəsində məlum olub ki, içməli suda normadan kənara çıxma halları olduğuna görə, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, "Azərsu" tərəfindən lokal ərazidə sağlamlaşdırma tədbirləri həyata keçirilib. Hazırda təkrar götürülmüş su nümunələrində göstəricilər norma daxilindədir. Qospitalizasiya olunmuş xəstələrin hazırda heç bir şikayətləri yoxdur".
Z.Kazımovun sözlərinə görə, hazırda su nümunələrində göstəricilərin normadan kənara çıxmasının səbəbləri araşdırılır. Mərkəz rəsmisi mədə-bağırsaq pozuntularının içməli suya çirkab sularının qarışması səbəbindən baş verməsi barədə söylənilən fikirlərin əsassız olduğunu söyləyib.
Z.Kazımov onu da əlavə edib ki, mədə-bağıqsaq pozuntularından əziyyət çəkənlərin sayı 70 deyil, cəmi bir necə nəfər təşkil edib.
"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Trend-ə bildirib ki, istismarda olan və 6 binanı qidalandıran içməli su xəttinin 30 metrlik bir ərazisində sızma halı baş verib. Bu ərazidə su səhər və axşam qrafiki ilə verildiyi üçün gündüz su dayandırıldıqda borunun kənarında toplanan sular qəzalı yerdən boruya daxil olub və həmin su mənzillərə verilib: "Bu barədə bizə məlumat daxil olan kimi binalara suyun verilişi dərhal dayandırılıb və sudan analizlər götürülüb. Əhalinin susuz qalmaması üçün əraziyə 3 su maşını cəlb olunub. Borunun qəzalı hissəsi müəyyən edildikdən sonra 30 metr yeni xətt çəkilib. Sudan analizlər götürülüb, səyyar laboratoriya maşınları ilə suyun təmizliyinə əmin olduqdan sonra suyun verilişi bərpa olunub".