...

Transformatorları belə sıradan çıxara bilən maqnit qasırğaları bəzi insanlarda gümrahlıq yaradır

Cəmiyyət Materials 26 Oktyabr 2015 11:01 (UTC +04:00)
“Müşahidə edilib ki, maqnit qasırğalarının təsiri nəticəsində psixi cəhətdən sağlam olmayan insanlar passiv olur, ürək-damar xəstəliklərinə meylli olanlar özlərini pis hiss edirlər.
Transformatorları belə sıradan çıxara bilən maqnit qasırğaları bəzi insanlarda gümrahlıq yaradır

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

"Müşahidə edilib ki, maqnit qasırğalarının təsiri nəticəsində psixi cəhətdən sağlam olmayan insanlar passiv olur, ürək-damar xəstəliklərinə meyilli olanlar özlərini pis hiss edirlər. Lakin praktik olaraq sağlam adamlara geomaqnit aktivlik mənfi təsir etmir. Onlar hətta əksinə, özlərini bəzən gümrah hiss edirlər".

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Günəşin heç vaxt passiv vəziyyətdə olmadığını, praktiki olaraq, daim aktiv olduğunu deyən E.Babayev qeyd edib ki, geomaqnit qasırğalarının müəyyən mərhələləri - başlanğıc, əsas və bərpa fazası var: "Bütün dünyada maqnit sahəsinin artması mərhələsi geomaqnit qasırğasının başlanğıc fazası adlanır ki, bu da 4-6 saat davam edir. Bundan sonra maqnit sahəsi normaya düşür və intensivliyi daha da azalır. Maqnit sahəsinin normadan az olduğu bu mərhələyə ümumdünya maqnit qasırğasının əsas fazası deyirlər. Bu faza 10-15 saat sürür. Bundan sonra bir neçə saat çəkən bərpa fazasında Yerin maqnit sahəsi öz normal ölçülərinə qayıdır".

E.Babayev əlavə edib ki, Günəşdə baş verən proseslər (partlayışa bənzər alışmalar, tac plazma kütləsinin kosmik fəzaya atılması, tacda olan dəliklərdən əsən yüksək sürətli plazma küləyi və s.) Yerdəki bütün canlı və cansız aləmə - həm bioloji və ekoloji sistemlərə, həm də texniki və texnoloji sistemlərə təsir edir: "Artıq sübut olunub ki, geomaqnit qasırğaları zamanı Yer qabığında parazit cərəyanlar induksiya olunur və onlar elektrik enerjisi ötürücü sistemlərinə mənfi təsir edir. Çox güclü geomaqnit qasırğaları hətta bu sistemləri, həmçinin transformatorları, yüksək gərginlikli xətləri sıradan çıxara bilər".

Rəsədxanın direktor müavini qeyd edib ki, Günəş enerjisi elektron avadanlığa belə hiss olunacaq dərəcədə təsir edirsə, o, insan sağlamlığına da təsirsiz ötüşə bilməz: "Lakin son illərdə aparılan araşdırmalara əsasən, bütün biosistemlərə, o cümlədən insana tək maqnit sahəsindəki dəyişikliklər deyil, həm də Günəş korpuskulyar sellərinin təsiri ilə maqnitosferdə baş verən bir sıra digər fiziki kosmik amillər (infrasəs dalğaları, mikropulsasiyalar, yəni Yerin maqnit sahəsinin qısamüddətli rəqsləri, yüklü hissəciklərin təsiri ilə ozon qatında baş verən dəyişikliklər nəticəsində ultrabənövşəyi şüalanmanın intensivliyinin dəyişməsi və s.) təsir edir. Kosmik amillərin təsiri tək maqnit qasırğası müddəti ilə məhdudlaşmır. Maqnitosfer qasırğası ilə əlaqəli bəzi amillər hələ bu qasırğa başlanmamışdan əvvəl təsir edir, digərləri isə o başa çatdıqdan, yaxud üstündən xeyli müddət keçdikdən sonra özünü büruzə verir".

E.Babayev geomaqnit aktivliyinin hər regionda müxtəlif cür təzahür etdiyini də vurğulayıb.

Bu baxımdan Azərbaycanın da daxil olduğu orta en dairələrində bu aktivliyin tədqiq olunmasında Azərbaycan alimlərinin böyük zəhmətinin olduğunu vurğulayan rəsədxanın direktor müavininin sözlərinə görə, alimlərimiziin apardığı tədqiqatlar göstərir ki, tək güclü qasırğalar deyil, geomaqnit sahəsinin zəif fluktuasiyaları da insan orqanizminə əhəmiyyətli təsir edir. Azərbaycan alimləri tərəfindən həm də Günəş aktivliyi ilə bağlı xəstəliklərin yayılmasına, o cümlədən qrip epidemiyası və pandemiyasına təsiri də öyrənilib. Məlum olub ki, qrip epidemiyası Günəş aktivliyinin maksimumundan 2-3 il əvvəl başlayır, həmçinin bu maksimumdan bir o qədər sonra da baş verir.

E.Babayevin sözlərinə görə, Azərbaycan alimlərinin apardığı araşdırmaların nəticələrinə əsasən, geomaqnit və Günəş aktivliyi arıçılığa da təsir edir. Müşahidələr Günəş aktivliyinin artdığı illərdə arı ailələrinin sayının artdığını göstərib: "Bal məhsuldarlığına ən çox təsir edən isə maqnit qasırğalarıdır. Məlum olub ki, zəif və orta gücə malik maqnit qasırğaları arıların hərəkətliliyini artırır, onlar daha çox və daha yaxşı bal istelsal etməyə başlayırlar. Lakin güclü geomaqnit qasırğaları yeni arı ailəsinin formalaşması prosesinə mənfi təsir edir. Bu tədqiqatların nəticələrini nəzərə alaraq, biz son illərin təsvirini verdik və gələcək illərə proqnoz hazırladıq. Bu gün həmin proqnozlar təsdiqini tapır".

Hazırda AMEA-da Günəş və geomaqnit qasırğalarının insanın baş beyninin funksional vəziyyətinə təsirinin öyrənildiyini nəzərə çatdıran E.Babayev qeyd edib ki, bu sahədə tanınmış fizioloq, professor Əli Allahverdiyevin rəhbərliyi altında işlər aparılır: "Bolqarıstan Elmlər Akademiyasının alimləri ilə Günəş-Yer əlaqələri sahəsində əməkdaşlıq etməklə aparılan tədqiqatlar zamanı kosmik havanın müxtəlif variasiyalarının insan orqanizminin bioloji aktiv nöqtələrinə, ürək-damar sisteminin vəziyyətinə təsiri tədqiq edilir, o cümlədən müxtəlif geomaqnit həyəcanlanmaları günlərində ürək ritmlərinin dəyişməsi öyrənilir".

Rəsədxananın direktor müavini Azərbaycanda bəzən maqnit qasırğaları ilə bağlı ictimaiyyətə çasdırıcı məlumatların ötürüldüyünü də söyləyib.

O bildirib ki, Azərbaycanla eyni en dairəsində olan ölkələr üçün ildə maksimum 5-6 güclü geomaqnit təsiri səciyyəvidir: "Təəssüf ki, bəzən kosmik hava proqnozunu yayımlayarkən internet materiallarına əsaslanırlar. Az qala hər gün güclü, yaxud zəif maqnit qasırğasının gözlənildiyini bildirir, bununla da Azərbaycan ictimaiyyətini çaşdırırlar. Belə çıxır ki, ildə 365 gün bizdə fasiləsiz olaraq maqnit qasırğası olur. Yəni, internet materiallarından istifadə edənlər proqnozun hazırlandığı ölkənin, məsələn, Rusiyanın məlumatlarını Azərbaycana aid edirlər, nəticədə gerçəkliyə uyğun olmayan proqnozlar verilir. Halbuki maqnit sahəsinin həyəcanlanması hər regionda bir cür keçir. Maqnit qasırğaları üzrə bizim Şamaxı Astrofizika Rəsədxanasının hazırladığı proqnozlar isə real göstəricilərə və onların analizinə əsaslanır. Ən başlıcası isə budur ki, onlar Azərbaycanın yerləşdiyi en dairəsinə uyğunlaşdırılıb".

E.Babayev qeyd edib ki, Azərbaycan orta en dairələrində yerləşdiyindən kosmik hava proseslərinin təsiri burada da müəyyən qədər hiss olunur: "Buna görə də əhalinin, xüsusən də xponiki xəstələrin, ahılların və uşaqların maqnit qasırğalarından öncədən xəbərdar olunması üçün tədbirlər görülməlidir. Kosmik amillərin mənfi təsirini minimuma endirmək üçün, lazım gələrsə, konkret olaraq müvafiq iş rejimi təşkil olunmalı, profilaktik tədbirlər görülməli, istirahət rejimi şəraitə uyğunlaşdırılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti