...

Uşaq əməyinin monitorinqi və əmək müfəttişliyi üzrə bacarıqlara dair seminar keçirilir (FOTO)

Cəmiyyət Materials 2 Noyabr 2015 11:35 (UTC +04:00)
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə Bakıda uşaq əməyi, uşaq əməyinin monitorinqi və əmək müfəttişliyi üzrə bilik və bacarıqların artırılması məqsədilə seminara başlanılıb.
Uşaq əməyinin monitorinqi və əmək müfəttişliyi üzrə bacarıqlara dair seminar keçirilir (FOTO)

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə Bakıda uşaq əməyi, uşaq əməyinin monitorinqi və əmək müfəttişliyi üzrə bilik və bacarıqların artırılması məqsədilə seminara başlanılıb.

İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə təşkil olunan tədbiri giriş sözü ilə açan ƏƏSM yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə ölkəmizdə uşaq əməyi ilə bağlı qanunvericiliyin mütərəqqi beynəlxalq norma və prinsipləri əks etdirdiyini vurğulayıb: "Azərbaycan ötən dövrdə BMT-nin "Uşaq hüquqları haqqında", BƏT-in "İşə qəbul etmək üçün minimum yaş həddi haqqında", "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair" Konvensiyalarını ratifikasiya edib. Milli qanunvericilikdə uşaq əməyinə münasibət də həmin sənədlərin, habelə "Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında" Ümumdünya Bəyannaməsinin prinsiplərini özündə əks etdirir. Ölkəmizin Konstitusiyasının 17-ci maddəsində uşaqların həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələri qadağan olunur. Habelə Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaşdır. Yaşı 18-dən az olan işçilərin əməyindən istifadə zamanı onlar üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. baxımından qanunvericilikdə əlavə təminatlar, güzəştlər də müəyyən edilib".

Xidmət rəisi 15 yaşına çatmamış şəxslərin işə, habelə onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi hallarına görə ölkəmizin İnzibati Xətalar Məcəlləsində cəza tədbirlərinin də nəzərdə tutulduğunu diqqətə çatdırıb: "Son illərdə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən nəzarət tədbirlərinin, bu sahədə aidiyyəti qurumlarla fəal əməkdaşlığın, həmçinin təbliğat-maarifləndirmə işlərinin müsbət nəticəsi kimi, Azərbaycanda uşaq əməyindən qeyri-qanuni istifadə halları minimum səviyyəyə enib". F.Əlizadə BƏT-lə birgə təşkil olunan bu seminarın uşaq əməyinin təftişi üzrə bilik və bacarıqların artırılmasına yönəlməklə yanaşı, əmək müfəttişlərinin peşəkarlıq səviyyəsinin yüksəlməsinə də xidmət etdiyini bildirib: "Respublikamızda iş yerlərində əməyin təhlükəsizliyinin təmin olunmasına təsirli dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi, əməyin mühafizəsi ilə bağlı ardıcıl təbliğat-maarifləndirmə işlərinin aparılması istehsalatda bədbəxt hadisələrin sayının getdikcə azalması ilə müşahidə olunur. Təbii ki, qeyd olunan sahəyə daha səmərəli dövlət nəzarətinin təşkili üçün əmək müfəttişlərinin bacarıqlarının artırılması diqqətdə saxlanılır. Bu baxımdan hazırkı seminar mühüm əhəmiyyət kəsb edir".

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov uşaq əməyindən qeyri-qanuni istifadə hallarının qarşısının alınması və iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması istiqamətlərində Konfederasiya tərəfindən görülən işləri diqqətə çatdırıb. O, BƏT-lə təşkil olunan bu seminarın qeyd olunan sahədə fəaliyyətin təkmilləşdirilməsində faydalı olduğunu vurğulayıb. BƏT-in Moskva bürosunun eksperti Valentin Mokanu uşaq əməyindən qeyri-qanuni istifadənin azaldılması, əməyin mühafizəsi sahəsində ölkəmizin müsbət iş təcrübəsini yüksək dəyərləndirib. O, belə bir seminarın bu sahədə görülən işlərdə və əmək müfəttişliyi üzrə bilik və bacarıqların artırılmasında bir dəstək rolu oynadığını bildirib.

Seminar uşaq əməyinin uğurlu təftiş sistemləri, bu sahədə beynəlxalq təcrübə, əmək müfəttişliyinin gücləndirilməsi, əməyin təhlükəsizliyi, peşə risklərinin qiymətləndirilməsi və s.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti