...

Dilimizdə yerli-yersiz işlədilən alınma sözlərlə yeni mübarizə üsulu

Cəmiyyət Materials 10 Noyabr 2015 16:12 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutu Azərbaycan dilində ehtiyac olmadan işlədilən alınma sözlərin siyahısını hazırlamağı nəzərdə tutur.
Dilimizdə yerli-yersiz işlədilən alınma sözlərlə yeni mübarizə üsulu

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutu Azərbaycan dilində ehtiyac olmadan işlədilən alınma sözlərin siyahısını hazırlamağı nəzərdə tutur. Bunu Trend-ə İnstitutun elmi işlər üzrə direktor müavini Baba Məhərrəmli deyib.

Onun sözlərinə görə, alınma sözlərdən ehtiyac olmadan istifadə hallarına daha çox televiziya kanalları, xəbər saytları, reklam və afişalarda rast gəlinir: "Bəzi gəlmə sözlər dilimizdə yerli-yersiz işlədilir. Buna görə də alınma sözlərdən belə istifadənin qarşısını almaq üçün onun lüğətini hazırlamaq, statistikasını aparmaq istəyirik".

B.Məhərrəmli dilimizə ən çox ingilis və türk dili vasitəsilə alınma sözlərin daxil olduğunu da deyib: "Məsələn, futbolda "korner" sözü işlədilir. Yaxud indi "kreativ" sözü dəbə düşüb. Bu sözlər dilimizə ingilis dili vasitəsilə gəlib. Bəzi sözlər isə dilimizə Türkiyə türkcəsindən gəlib. Bu sözlər də dilimizdə, xüsusilə telekanallarda yerli-yersiz işlədilir. Aparıcılar bunu sanki özlərini savadlı göstərmək üçün edirlər. Ancaq vaxtilə Cəlil Məmmədquluzadə də, Üzeyir Hacıbəyli də belə halları felyetonlarında tənqid edirdi".

B.Məhərrəmli alınma sözlərin dilimizdə düzgün formada işlədilməsi üçün Türkiyə təcrübəsini də tətbiq etmək istədiklərini deyib.

Onun sözlərinə görə, Türkiyədə fəaliyyət göstərən Türk Dil Qurumunun xüsusi komissiyası dilə daxil olan hər bir yeni sözü qeydə alır, onların mənalarını açıqlayır və dərhal onun Türkiyə türkcəsində qarşılığı tapılır: "Gələcəkdə biz də bu prinsipdən faydalanmaq istəyirik. Məsələn, ya il, ya rüb, ya da ay ərzində dilimizə daxil olan sözlərin lüğətini hazırlamağı, onu kitabça şəklində nəşr etməyi planlaşdırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti