...

Azərbaycanda reklam bazarının tənzimlənməsi müzakirə olunub

Cəmiyyət Materials 10 Noyabr 2015 12:58 (UTC +04:00)
Bu gün “Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Reklam haqqında” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli Qanununa və 14 iyul 2015-ci il tarixli Fərmana uyğun olaraq reklam bazarının tənzimlənməsinə dövlət nəzarəti və özünütənzimləmə təşkilatlarının fəaliyyətinə həsr edilən konfrans keçirilib.
Azərbaycanda reklam bazarının tənzimlənməsi müzakirə olunub

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Bu gün "Azərbaycan Reklamçılar İttifaqı" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan "Reklam haqqında" Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli Qanununa və 14 iyul 2015-ci il tarixli Fərmana uyğun olaraq reklam bazarının tənzimlənməsinə dövlət nəzarəti və özünütənzimləmə təşkilatlarının fəaliyyətinə həsr edilən konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransda bir sıra dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, reklamçılar və digər qonaqlar iştirak edib.

Konfransı giriş sözü ilə açan "Azərbaycan Reklamçılar İttifaqı" İctimai Birliyinin sədri Hacıəmi Atakişiyev bildirib ki, ölkəmizdə "Reklam haqqında" qanun bazar iqtisadiyyatına keçidin ilk mərhələsində - 1997-ci ildə qəbul edilib:

"Bu qanun həmin dövrün tələblərinə uyğun idi. Bu gün Azərbaycan iqtisadiyyatı bazar münasibətlərinin yeni mərhələsinə keçdiyi üçün bu reklam bazarında da öz əksini tapmalı idi. Hazırda reklam bazarının dövriyyəsi ölkənin ümumi daxili məhsulunun cəmi 0,02-0,03 faizini təşkil edir ki, bu daha çox simvolik bir rəqəmdir. Reklam bazarı büdcəmizin formalaşmasında zəif iştirak edir. Qeyd edək ki, dünya reklam bazarında ümumi dövriyyə 1 trilyon 850 milyon ABŞ dolları təşkil edir (bura Sakit okean ölkələri daxil deyil)".

H.Atakişiyev bildirib ki, reklam fəaliyyətinin daha səmərəli tənzimlənməsi üçün digər şərtlərlə yanaşı, həm də müasir dövrün tələblərinə cavab verən hüquqi bazanın olması çox vacib idi: "Elə bu səbəbdən də deputatlar Vahid Əhmədov və Əli Məsimlinin rəhbərliyi ilə Milli Məclisin İqtisadi siyasət komitəsində "Normativ-hüquqi aktlar haqqında" Konstitusiya qanunun tələblərinə müvafiq şəkildə yeni qanun layihəsi hazırlanıb. Milli Məclisdə keçirilən geniş müzakirələrdən sonra 15 may 2015-ci il tarixində ölkə başçısı cənab İlham Əliyev "Reklam haqqında" Qanunu imzaladı".

H.Atakişiyev qeyd edib ki, yeni qanun əvvəlkindən həm həcm və əhatə dairəsi, həm də məzmun baxımından genişdir.

Onun sözlərinə görə, "Reklam haqqında" yeni Qanun Azərbaycanda reklam istehsalının, onun mallar, işlər və xidmətlər bazarında yerləşdirilməsi və yayımının dövlət tənzimlənməsinin hüquqi əsaslarını, reklam fəaliyyəti subyektlərinin özünütənzimləmə sahəsində vəzifə və səlahiyyətlərini, eyni zamanda reklam bazarındakı inhisarçılıq meyllərinin aradan qaldırılması istiqamətlərini özündə ehtiva edir.

H.Atakişiyev həmçinin bildirib ki, yeni qanunu daha çox diqqət mərkəzinə gəritən ictimai nəzarəti özündə əks etdirən, "Reklam sahəsində özünütənzimləmə"ni əhatə edən 36, 37 və 38-ci maddələrdir. O bildirib ki, "Azərbaycan Reklamçılar İttifaqı" İctimai Birliyi bu maddələri rəhbər tutaraq Reklamda Özünü Tənzimləmə Agentliyi (RÖTA) ilə birlikdə şəhər mühitində monitorinqlər keçirib.

Konfransda həmçinin vurğulanıb ki, "Azərbaycan Reklamçılar İttifaqı" İctimai Birliyi və Reklamda Özünü Tənzimləmə Agentliyinin keçirdiyi monitorinqin ilkin nəticəsinə görə, təkcə Bakı şəhərində mövcud olan (ölçüsündən asılı olmayaraq) reklam lövhələrinin sayı 2500 ədəddir (ilkin nəticə). Orta hesabla bir ədəd reklam lövhəsinin aylıq icarəsi 400-700 AZN arası dəyişir. Bu isə o deməkdir ki, bir reklam lövhəsinin illik icarəsi orta hesabla 6600 AZN təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti