...

Azərbaycanda uşaqların internet təhlükəsizliyi məsələsi yenidən gündəmə gətirilir

Cəmiyyət Materials 18 Noyabr 2015 14:09 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların internet təhlükəsizliyinin qorunması üçün təkliflər hazırlamağa başlayıb.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

Komitə sədrinin müavini qeyd edib ki, uşaqların internet təhlükəsizliyinin qorunması üçün internet klublarda onlar üçün ayrıca filterləşdirilmiş proqramları olan kömpüterlərin istifadəyə verilməsi, klublarda müşahidə kameralarının qurulması, evlərdə uşaqların filterləşdirilmiş proqramları olan kompüterlərdən istifadə edilməsi daha yaxşı olar.

A.Sofiyeva bildirib ki, məktəblərdə artıq proqramlar filterləşdirilib və orada şagirdlər lazım olmayan saytlara daxil ola bilmirlər. A.Sofiyeva valideynlərə də tövsiyə edir ki, onlar evlərdə filterləşdirilmiş proqramlardan istifadə etsinlər. Bununla yanaşı, valideynlər evdə uşaqların istifadə etdiyi kompüterləri otaq qapısı ilə üzbəüz istiqamətdə yerləşdirsənlər: "Bu halda onlar otaq qapısı açılanda birbaşa kompüteri görə bilərlər. Daha yaxşı olar ki, kompüter böyüklərin də olduğu əsas istifadə otağında olsun, kompüter daim nəzarətdə saxlanılsın".

Hələlik bu məsələlərlə bağlı komitə tərəfindən müzakirələrin aparıldığını deyən A.Sofiyeva qeyd edib ki, dünyada informasiya texnologiyalarının inkişafı ailələrə də müəyyən problemlər gətirir.

Onun sözlərinə görə, bu gün istər narkomaniya, istərsə də insan alveri istiqamətində müəyyən cinayətkar qruplar məhz internet vasitsilə uşaqları öz qurbanlarına çevirirlər.

A.Sofiyeva qeyd edib ki, uşaqların internet təhlükəsizliyinin təminatı baxımından əsas məsuliyyət valideynlərin üzərinə düşür: "Bu gün bizdə ən böyük problem odur ki, assosiallaşma prosesi gedir. Əvvəllər valideynlər uşaqlarla daha çox ünsiyyətdə olurdu. Ailədə uşaqlara diqqətin müəyyən qədər az olması çox böyük faciələrə gətirib çıxarır. Təəsüüflər olsun ki, bu gün bu məsələlərdə müəyyən boşluq olduğundan uşaqlar onları maraqlandıran suallara cavabları sosial şəbəkələrdən tapırlar. Cinayətkar qruplar da məhz bu boşluqdan istifadə edərək uşaqları öz qruplarına cəlb edirlər. Buna görə də bu məsələdə ən vacib məsələ valideynlərin gözüaçıq olmasdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti