...

Xəzər suitiləri tükənir

Cəmiyyət Materials 22 Dekabr 2015 17:44 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu Xəzər suitilərinin tükənmə təhlükəsi barədə xəbər verir.
Xəzər suitiləri tükənir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu Xəzər suitilərinin tükənmə təhlükəsi barədə xəbər verir.

İnstitutdan Trend-ə verilən məlumata görə, son 120 il ərzində tənzimlənməyən ov, çirklənmə və digər amillər səbəbindən bu heyvanların sayı 1 milyondan 104 minə enib. Sözügedən növ 2008-ci ilin oktyabrından etibarən "IUCN" adı altında tanınan Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin "Qırmızı siyahı"sında vəziyyəti "təhlükəli" statusunu daşıyır. Hətta 20 il əvvəl - 1990-cı illərin sonlarında dənizin hər 2 kvadrat kilometrinə 1 suiti düşürdüsə, hazırda hər 4 kvadrat kilometrə 1 suiti hesablanır. İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, elmi jurnalist Səid Hüseynov Xəzəryanı ölkələrdən əlavə, İngiltərə, Niderland və Yaponiya alimlərinin məsələyə dair uzunmüddətli tədqiqatları əsasında tədqiqatçı-jurnalist araşdırması aparıb.

Məqalədə bildirilir ki, şimaldan cənuba və geriyə il boyu səyahət edən suitilər əvvəlki dövrlərdə yaz və payızda dənizin hər yerində görünürdülər. Onlar üçün müvəqqəti dayanacaq kimi əsas məskunlaşma yelərindən biri qartal başına bənzər Abşeron yarımadasının sahilləri və aralıdakı adalar idi. Yarımadanın lap qurtaracağında, qartalın dimdiyindən uzanmış dilə bənzəyən Şahdili ərazisi Abşeron arxipelağında suitilərin ən çox toplaşdığı yerlərdən idi. 1930-cu illərdə arxipelağın sahillərində hər il 10 minə qədər suiti dincəlirdi. Hətta 1935-1937-ci illərdə bu rəqəm 100 mindən 200 minə qədər olub: "

1970-80-ci illərdə məlum olub ki, Şahdili və ətraf adalarda ildə cəmi 2 minə qədər suiti məskunlaşıb. Növbəti onillikdə bu heyvanların Azərbaycan sahillərində sayı qəfil azalıb və mini keçməyib. Əsrin sonlarında dənizin qalxması nəticəsində dilin lap uc hissəsi adaya çevrilərək yarımadadan 300 metr aralı düşüb və suitilər üçün daha təhlükəsiz məskənə çevrilib. Amma yenə də onların sayı artmayıb və sonrakı rəqəmlər daha acınacaqlı olub".

Məqalədə bildirilir ki, Şahdilidə 1969-cu ildə ceyran və su quşlarının qorunması məqsədi ilə Abşeron Dövlət Təbiət Yasaqlığı yaradılmışdı. 2005-ci ilin fevralında canlıların daha səmərəli qorunması üçün Prezident İlham Əliyevin sərəncamı ilə bu ərazinin bazasında Abşeron Milli Parkı yaradılıb. Həmin ilin qışında burada sonuncu dəfə 2 diri suitiyə rast gəlinib. O vaxtdan indiyə qədər adıçəkilən ərazidə heç bir suiti görünməyib. Əvvəllər Abşeron arxipelağında il boyu müşahidə olunan suiti məskənləri artıq mövcud deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti