Sadıq Elcanlı - 60
Onun sənət dünyası
Ömrünü, illərini, zəkasını vətəninə, xalqına həsr edən çox az sənət adamı tapılar ki, öz mövqeyinə axıra kimi sadiq qalsın. Özü, sözü, məsləki, əqidəsi yalnız qəlbinin diktəsi ilə döyünsün. Yaşadıqlarını, gördüklərini səmimi duyğularının dili ilə kağıza köçürsün. Sevilib seçilsə də, sənətdə yüksəklərə ucalsa da yenə qəlbinə, ruhuna xəyanət etməsin. Yazıçı- publisist Sadıq Elcanlı kimi...
İstedad insana birdən-birə verilmir. Dünyaya gəldiyi andan etibarən onun qanında, canında olur. Böyüdükcə üzə çıxır, insanı ağlagəlməz fikirlər həyata keçirməyə ilhamlandırır. Sadıq Elcanlını ədəbiyyata ruhlandıran ən əvvəl böyüyüb boya-başa çatdığı yurdunun gözəl təbiəti olub. Hələ orta məktəbdə oxuyanda, 9 yaşında ikən yazıçı qələminin ilk məhsulu da məhz təbiətlə bağlıydı: "Yaz elə həvəslə, həsrətlə gəlmişdi ki, ağaclar əcəl yuxusundan oyanıb, heyrətlə ağappaq gözlərini açmışdı." Və belə bir cümlə ilə yaradıcılığa gedən uzun, keşməkeşli yolun təməli qoyuldu.
1956-cı ildə Dəvəçidə dünyaya gələn Sadıq İbrahimov uşaq yaşlarından sözə, ədəbiyyata meyilli olub. Müşahidə etdiklərini, qarşılaşdığı hadisələri kiçik yazılarında qeyd edib. Kimya-biologiya təmayüllü məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Tələbəlik dövründə kiçik həcmli hekayələr yazan Sadıq Elcanlı getdikcə yaradıcılığının sərhədlərini genişləndirib. İri həcmli əsərlər- povestlər, romanlar qələmə alıb.
Azərbaycan ədəbiyyatında nadir müraciət olunan mifoloji-fantastik nəsrin uğurlu, təkrarsız nümunələrini yaradıb. Xalq şairi Nəbi Xəzri o vaxt yazıçının "Sükutun sonu" kitabı ilə bağlı fikirlərini belə ifadə edib: "Sükutun sonu" Azərbaycan nəsrində təzə söz deyən kitabdır. Dünya ədəbiyyatında çox gözəl nümunələri olan elmi-fantastik nəsrin milli ədəbiyyatımızda yükünü, ağırlığını çəkmək şərəfi Sadıq Elcanlının bəxtinə düşüb".
Sadıq Elcanlının yaradıcılıq istiqaməti olduqca genişdir. O, həm ciddi yazıçı, ədəbiyyatşünas, tənqidçi, həm də jurnalist, publisist, redaksiya rəhbəri, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin "Ədəbi-dram verilişləri" baş redaksiyasının baş redaktorudur. Onlarca hekayə, povest, roman, yüzlərcə publisistik, ədəbi-tənqidi məqalə, esse, resenziya, silsilə ədəbi-bədii verilişlərin, bədii və sənədli filmlərin müəllifidir. Müasir oxucunun və tamaşaçının nə istədiyini bilir, çağdaş dövrün nəbzini tutur, aktual problemləri, cəmiyyəti düşündürən problem məsələləri ədəbiyyata gətirir, özünəməxsus ifadə vasitələri ilə, istedadlı yazıçı məharətilə qələmə alır. Onun əsərlərində tənqid də var, məntiqi nəticə də. Oxucu yazıçının nə demək istədiyini, nəyi təbliğ etdiyini duyur, mürəkkəb ədəbiyyat aləmindən öz payına düşənləri götürür.
Ədibin nəsr əsərlərindən danışarkən hekayələrini xüsusilə qeyd etmək lazımdır. Yaradıcılığının əsas mövzularından biri olan insan və mənəviyyat problemləri hekayələrində də başlıca yeri tutur. Yazıçı tez-tez şəhər və kənd həyatını bir-biri ilə qarşılaşdırır. Hər iki mühitin insanlarını ən incə detallarına kimi təsvir və təhlil edir. O, öz
qəhrəmanlarını mürəkkəb ziddiyətli xarakterə malik yaradır. Ən mənfi personajlarında belə vicdanın zəif cücərtiləri hiss olunur. Onun əsərlərinin hamısı sanki insanpərvərliyə çağırışdır. Yazıçı oxucularını öz nöqsanlarını görməyə, əməllərini təhlil etməyə dəvət edir. Müsibətlərin səbəbini iradəsizlikdə, nəfsinə qalib gələ bilməməkdə görür. Ədibin hekayələrinin dili də olduqca sadədir, xalq dilinə yaxındır. Bu da əsərlərinə xüsusi bir təravət gətirir.
Sadıq Elcanlı əsərlərində işıqla zülməti qarşılaşdırır. Həyatın gah işıqdan zülmətə, gah da zülmətdən aydınlığa doğru irəlilədiyini vurğulayır, bu yolun əzəli-əbədi fəlsəfəsini dərk etməyə çalışır. Onun əsərlərində insanın dünyaya gəlişi, qaranlıqdan işıqlı aləmə qədəm qoyması və öldükdən sonra da qara torpağa, dərin qaranlıq yuxuya dalması mifik-fəlsəfi obrazda təqdim edilir. Bunun ən bariz nümunəsini yazıçının "Zülmət" romanında görə bilərik. Əsər mifoloji fantastik formada yazılsa da, real həyat faktlarına əsaslanıb. Bütün hadisələr Butay Ələhmədov, yaxud da Xasay Xaspoladov obrazının ətrafında cərəyan edir. Yazıçı obrazın getdikcə daxilən dəyişməsini, öz nəfsinə, şeytani fikirlərə uymasını xırda detallarına kimi bədii ustalıqla təsvir edir, gələcəyini qurmağa hazırlaşan, qəlbi sevgiylə çırpınan sadə kəndli oğlanın mərhələ-mərhələ hansı məqamlardan keçdiyini, daxilən necə dəyişdiyini və bunun məntiqi səbəblərini aşkara çıxarır. Əvvəlcə onun instituta qəbul olması haqqında kənddə yayılan söz-söhbətlər, Butayın əla qiymətlər alması barədə fikirlər, eləcə də şəhərdə vəzifəli insanlarla oturub-durması haqqında şayələr və sairə onu insanların gözündə çox böyüdür. Butay ilk vaxtlar buna qarşı bir yadlıq hiss etsə də, yalandan
hardasa utansa da, get-gedə buna öyrəşir və yeni yalanlar uydurmağa başlayır. Şəhərdə olan vəziyyətdən, beynəlxalq siyasətdən bir mütəxəssis kimi danışır. Lakin bu çox da uzun çəkmir, vəziyyət belə gətirir ki, Butayın yalanları üzə çıxır. Ona əvvəlki hörmət göstərilmir, həmişə öyrəşdiyi münasibətlə qarşılaşa bilmir. Nəticədə Butay məyusluğa qapılır, real həqiqətlər onu daxilən sındırır. Çıxış yolunu isə cinayətdə görür. Yazıçı Butayı birmənalı şəkildə qatil kimi təqdim etmir. O, əslində nadan cəmiyyətin yaratdığı bir cinayətkardı. Butay Şükür, Xanı kimilərin əyri yollarla ad-san, şərəf sahibi olduqlarını həzm edə bilmir. Daxilində sanki özü ilə mübarizə aparır, lakin sonda şeytani hisslərinə təslim olur. Yazıçı-publisist Aydın Tağıyev əsərlə bağlı "525-ci qəzet"də yazır: "Romanda yazıçının mürəkkəb fəlsəfi mühakimələri "Zülmət-işıq" müstəvisində ayrı-ayrı obrazlar vasitəsi ilə öz əksini tapır. Obrazların roman boyu hərəkətlərinin, davranışlarının, qəbul etdikləri həqiqətlərin öz ictimai səbəbləri var. Və Sadıq Elcanlı da kamil bir yazıçı kimi bütün bunları öz oxucusuna təqdim edir".
Yazıçının yaradıcılığında tarixi mövzuların ayrıca yeri var. Xalqına dərin məhəbbətlə bağlı olan ədib ulu türklərin keçmişindən, Qorqud yaddaşından, Nizami dühasından, ayrı-ayrı tarixi məkanlarımızın cazibəsindən söz açır. Sadıq Elcanlının əsərlərinin özünəxas üslubu var. Əbəs yerə onun yaradıcılığını intellektual ədəbiyyata aid etmirlər. Həqiqətən Sadıq müəllimin əsərlərini oxumaq və dərk etmək hər adamın işi deyil. Bunun üçün müəyyən dünyagörüşünə malik olmaq lazımdır.
Sadıq Elcanlının elə bir bədii əsəri yoxdur ki, orda ana təbiətin al əlvan boyaları, min bir sehrli çalarları, əsararəngiz gözəlliyi öz əksini
tapmasın. Yazıçı başı qarlı dağları, həmişəyaşıl sıx meşəlikləri, baharın, qışın təravətini, barlı-bəhrəli ağacların gözəlləyini bədii ustalıqla təsvir edir. Xüsusilə də doğma yurdu Şabranın, ana kəndi Surranın təbiətini... Yazıçı etiraf edir ki: "Bəzi əsərlərim, ağaclardan, onların sirri-xuda dediklərindən başlayıb. Məsələn, 25 il əvvəl "Azərbaycan" jurnalında çap olunan "Yaddaş yarası" romanımın ilk cümləsini Şabranda, dədə kəndim Surranın kəklikotu məskəni olan Daşlı dərəsində tənha bir qərbi ağacı pıçıldayıb mənə. "Susqun səsin soyuğu" adlı hekayəm ömrünün yaz fəslində, cavan çağında quruyan qəm qalası şabalıd ağacının danışdıqlarıdı, kədər kəməndi xatirələridi..."
Həyat əvvəli və sonu bilinməyən bir yoldur. Bu yolun sonunda bizi nələrin gözlədiyini bilmirik. İnsanın yaradılış fəlsəfəsi belədir. Bilmədən, görmədən inanmaq, sevmək, könül vermək, təmənnasız xidmət etmək. Yaradıcılıq da həmin prinsipə əsaslanır. Yazıçıdan nəyi, niyə yazdığını soruşmaq qədər sadə və çətin sual yoxdur. Həyatın özü kimi, yaradılışın təməli kimi... Sadıq Elcanlı yazır: "Mən nədən, necə, nə üçün yazıram? Bu, mənim üçün dünyanın ən çətin sualdır. Həmişə kütləvi düşüncə bazarından, kütlə bozluğundan xalqa tərəf qaçmışam. Çünki Ziqmund Freyd demişkən, "Kütlə üzüyola heyvan sürüsünü, çobansız yaşaya bilməyən sürünü xatırladır". Mən həmişə illüziyanın həqiqəti, irreal şüurun real gerçəkliyi sıxışdırdığı kütləyə doğru yox, xalqa, xalqın xilaskar fitri-tarixi gücünə, etnogenetik yaddaş enerjisinə, ümummilli ruhun, insanın və xalqın qələbəsinə doğru getmişəm. Məsələn, Sovet dövründə, adətən, insan, xalq ədəbiyyatı yox, toplum, kütlə ədəbiyyatı yaratmaq mexanizmi işləyirdi, partiya maşınının
"təkərciyi" və "vintciyi" hesab olunan ədəbiyyat çox halda xalqın kütləyə, işlək, sərfəli sosial sürüyə döndərilməsinə xidmət edirdi. Və bu yerdə düşünürəm ki, yazıçı qələmi gizli nüvə enerjisi kimidir; o, insanın, xalqın, bütövlükdə bəşəriyyətin xeyrinə də, zərərinə də işləyə bilər. Məncə əsl ədəbiyyat insanda insan, kütlədə xalq, xalqda millət oyatmalıdır".
Sənətkarın ömür kitabını vərəqlədikcə, onun həyat yoluna, yaradıcı dünyasına səfər etdikcə qələmə aldığı hisslərinin, əsiri olduğu duyğularının şahidinə çevrildik. 60 illik ömrü şərəflə başa vurmaq, müdrikliyə doğru yol almaq hər adama nəsib olmur. Sadıq Elcanlı o şəxslərdəndir ki, ömür yolunu xalqına, vətəninə faydalı işlərə sərf edir. Ədəbiyyat tarixinin qorunmasında, intellektual nəsrin zənginləşməsində özünəməxsus xidmətlər göstərir. Əsərləri bu gün də oxunur, bundan uzun illər keçəndən sonra da sevilə-sevilə oxunacaq. Ən əsası səmimiyyətinə, insanların mənəvi dünyasından, daxili yaşantılarından məharətlə söz aça bildiyinə, xalqına dərin məhəbbətinə görə...