...

"SCOPUS Mükafatı Azərbaycan-2016" tədbiri keçirilib

Cəmiyyət Materials 25 Yanvar 2016 20:03 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq “SCOPUS Mükafatları”nı təqdim etmək məqsədilə tədbir və qala gecəsi keçirilib.
"SCOPUS Mükafatı Azərbaycan-2016" tədbiri keçirilib

Bakı. Trend:

Yanvarın 25-də dünyanın tanınmış akademik nəşriyyatlarından və informasiya həllərinin təminatçılarından biri olan "Elsevier" əməkdaşlıq etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə birlikdə Azərbaycanda ilk dəfə olaraq "SCOPUS Mükafatları"nı təqdim etmək məqsədilə tədbir və qala gecəsi keçirib.

Elmin İnkişafı Fondunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "SCOPUS Mükafatı Azərbaycan-2016" "Elsevier"in qlobal təşəbbüslərindən biridir və ölkədə bütün elm sahələri üzrə araşdırmaları daha da təkmilləşdirmək, elmi tədqiqatçıların və təşkilatların səylərini dəstəkləmək üçün təşkil edilib. "SCOPUS Mükafatı Azərbaycan-2016" Azərbaycanda aparılan araşdırma və tədqiqatlar üzrə ən dəyərli nəticələr alan, məqalələr çap etdirən və beynəlxalq əməkdaşlıq edən qurumları, həmçinin eksklüziv akademik jurnalları önə çəkmək, Azərbaycan alimlərini motivasiya etmək və onlara akademik fəaliyyətlərində stimul vermək məqsədini daşıyır.

"SCOPUS Mükafatı Azərbaycan-2016" iki istiqamət olmaqla bir neçə nominasiya üzrə nəzərdə tutulub: Araşdırmalar üzrə Yüksək Müvəffəqiyyət Mükafatı; Elmi Jurnal üzrə Yüksək Müvəffəqiyyət Mükafatı.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən, yüksək nəticələri ilə ölkə hüdudlarından kənarda tanınmış 4 elmi tədqiqat və təhsil qurumuna, həmçinin 5 elmi jurnala beynəlxalq qiymətləndirmə meyarları, həmçinin "SCOPUS" və "SciVal" bazaları əsasında seçimin nəticələrinə əsasən xüsusi mükafatlar təqdim olunub:

• AMEA Fizika İnstitutu;
• AMEA Riyaziyyat və Mexanika İnstitutu;
• Azərbaycan Texniki Universiteti;
• Bakı Dövlət Universiteti;
• "Applied and Computational Mathematics" (2012-2014-cü illər üçün SNIP orta qiyməti 1,041) - Fizika-riyaziyyat elmləri sahəsində qalib jurnal
• "Azerbaijan Journal of Mathematics" (2012-2014-cü illər üçün SNIP orta qiyməti 1,024) - Fizika-riyaziyyat elmləri sahəsində ciddi inkişaf etməkdə olan jurnal nominasiyasında qalib
• "Journal of Language and Literature" (2012-2014-cü illər üçün SNIP orta qiyməti 0,79) - Sosial elmlər sahəsində qalib jurnal
• "SOCAR Proceedings" (2012-2014-cü illər üçün SNIP orta qiyməti 0,127) - Korporativ Elmi Jurnal Yüksək Müvəffəqiyyət Mükafatı nominasiyası üzrə qalib
• "Azerbaijan Pharmaceutical and Pharmacotherapy Journal" (2012-2014-cü illər üçün SNIP orta qiyməti 0,122) - Tibb elmləri sahəsində ciddi inkişaf etməkdə olan jurnal nominasiyasında qalib
• Xüsusi mükafatlar: Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu - Azərbaycanda elmin inkişafına verdiyi töhfəyə görə

Tədbirdə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, təhsil nazirinin müavini Ceyhun Bayramov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İbrahim Quliyev, Milli Məclisin Elm və təhsil komitəsinin sədrinin müavini Bəxtiyar Əliyev, "Elsevier" nəşriyyatının daxil olduğu RELX qlobal şirkətlər qrupunun Korporativ əlaqələr və Asiya strategiyası üzrə direktoru Younqsuk Çi və rektorlar çıxış ediblər.

Tədbirdən sonra ziyafət verilib.

"Elsevier" aralarında "ScienceDirect", "Scopus", "Elsevier Research Intelligence" və "Clinical Key"in olduğu veb-bazalı, rəqəmsal həllər və "The Lancet" və "Cell" kimi məşhur nəşrləri əhatə edən təxminən 2.500 jurnal və 33.000-dən çox elektron kitabı elmi tədqiqatçıların istifadəsinə təqdim edir. "Elsevier" "RELX Group" şirkətlərindən biridir. RELX elm, səhiyyə, hüquq və risk sektorları üçün fərqli həlləri təmin edən və dünya liderlərindən olan informasiya həlləri təminatçısıdır.

"Scopus" dünyanın ən geniş əhatə dairəli akademik verilənlər bazasıdır, bibliometrik vasitələrlə tədqiqatçıların elmi araşdırmalarının izlənilməsinə, analizinə və vizuallaşdırılmasına köməkçi olur. Elm, texnologiya, tibb, ictimai elmlər, incəsənət və humanitar elm sahələrini əhatə edər və 5.000-dən çox nəşrin 22.000-dən çox başlığını ehtiva edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti