...

Uşaqlarınız I sinfə qəbul olunmaya bilər, əgər...

Cəmiyyət Materials 1 Mart 2016 13:32 (UTC +04:00)
Şagird qəbulu üzrə işçi qrup tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşaq I sinfə qəbul olunmaya bilər.
Uşaqlarınız I sinfə qəbul olunmaya bilər, əgər...

Bakı. İlhamə İsabalayeva - Trend:

Şagird qəbulu üzrə işçi qrup tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşaq I sinfə qəbul olunmaya bilər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, valideynlər ümumtəhsil məktəblərindən fərqli olaraq, I sinfə qəbulun müsabiqə əsasında aparıldığı lisey və gimnaziyaların yalnız ikisinə elektron yolla sorğu göndərə bilərlər.

Müsabiqənin nəticələrinə əsasən, lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçə bilərlər.

Valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişə bilər. Bunun üçün o, sistemə əvvəl yerləşdirdiyi sorğunu ləğv etməli, sonra yeni məktəb seçməlidir.

Valideynə yalnız bir məktəb seçib sorğu yerləşdirmək hüququ verilir.

Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat martın 1-dən aprelin 5-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 13-dək həyata keçiriləcək.

"Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən hər il 16 sentyabr-31 dekabr müddətində 6 yaşı tamam olacaq uşaqlar müsahibəyə cəlb edilirlər. Həmin əmrin 8-ci bəndinə əsasən müsahibə komissiyaları rayon (şəhər) təhsil şöbələrinin (idarələrin) müəyyən etdiyi günlərdə sentyabrın 10-dək həyata keçirilməlidir.

6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı qəbul müsabiqə əsasında keçirilən müəssisələrə, lisey və gimnaziyalara martın 1-dən aprelin 5-dək, ümumtəhsil məktəblərinə isə iyulun 1-dən 31-dək aparılacaq.

Valideynin hər hansı sualı olduqda qeydiyyatla əlaqədar rayon ərazisində fəaliyyət göstərən alternativ komissiyaya, bütün digər hallarda rayon ərazisində fəaliyyət göstərən apelyasiya komissiyasına müraciət edə bilər.

Alternativ sənəd qəbulu komissiyaları Nəsimi rayonu - 16, Səbail rayonu 7, Nizami rayonu 238, Yasamal rayonu 18, Nərimanov rayonu 47, Xətai rayonu 194, Sabunçu rayonu 96, Suraxanı rayonu 114, Qaradağ rayonu 139, Xəzər rayonu 26, Pirallahı rayonu 235, Binəqədi rayonu 276 nömrəli məktəblərdə təşkil olunacaq.

Elektron sənəd qəbulu www.mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcək.

Məktəbin uşağı qeydiyyatdan keçirməsi üçün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; Azərbaycan Respublikası doğum haqqında şəhadətnamə (yalnız uşaqlar üçün); Azərbaycan Respublikasının ərazisində müvəqqəti/daimi yaşamaq üçün icazə vəsiqəsi; BMT QAK-ın himayə sənədi; Xarici pasport; Xarici ölkə vətandaşının doğum haqqında şəhadətnaməsi (yalnız uşaqlar üçün) tələb olunur.

Valideynin uşağı onlayn qaydada qeydiyyatdan keçirə bilməsi üçün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; Azərbaycan Respublikası doğum haqqında şəhadətnamə (yalnız uşaqlar üçün); Azərbaycan Respublikasının ərazisində müvəqqəti/daimi yaşamaq üçün icazə vəsiqəsi; BMT QAK-ın himayə sənədi lazımdır.

Diplomatik pasport olduqda qeydiyyat ancaq BŞTİ tərəfindən aparılır.

Elektron sənəd qəbulu sistemindən istifadə üçün valideynlərdən (digər qanuni nümayəndələrdən) heç bir ödəniş tələb olunmur.

Evdə təhsil hüququ olan uşağın I sinfə elektron sənəd qəbulu üçün elektron qeydiyyat və məktəbə sənəd qəbulu ümumi qaydada aparılacaq. "Evdə təhsilin təşkili Qaydaları"nın tələblərinə riayət edilməklə uşaq psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən evdə təhsilə cəlb ediləcək.

Yaşı 8-dən yuxarı olan uşaqlar təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş "Fərdi təhsilin təşkili haqqında Qaydalar"ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

Uşaqların yerləşdirilməsi məktəbdə fəaliyyət göstərən şagird qəbulu üzrə işçi qrupdan müsbət rəy aldıqdan sonra həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti