...

FIG Texniki Komitəsinin üzvü: Azərbaycan batut gimnastikası üzrə dünya çempionatını qəbul etməyə hazırdır (FOTO)

Cəmiyyət Materials 2 Mart 2016 17:22 (UTC +04:00)
Azərbaycan batut gimnastikası üzrə dünya çempionatını qəbul etməyə tam hazırdır.
FIG Texniki Komitəsinin üzvü: Azərbaycan batut gimnastikası üzrə dünya çempionatını qəbul etməyə hazırdır (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan batut gimnastikası üzrə dünya çempionatını qəbul etməyə tam hazırdır. Bunu Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Batut gimnastikası üzrə Texniki Komitəsinin üzvü Dmitri Polyaruş deyib.

Onun sözlərinə görə, Bakıya növbəti gəlişi onda yaxşı təəssürat yaradıb: "Bakıda üçüncü dəfə oluram və bura mənim çox xoşuma gəlir, Bakı gözəl şəhərdir. Hətta bu gün başıma maraqlı hadisə gəldi. Səhər saatlarında şəhəri gəzirdim, qəhvəxanaya daxil oldum. Üstümdə manat yox idi. Kofe aldım, kredit kartı ilə ödəniş etdim, sonra isə qəhvəxanada işləyən uşaqlardan xahiş etdim ki, ödənişi kredit kartı ilə edə bilməyim üçün mehmanxanayadək aparacaq taksi sifariş etsinlər. Onlar soruşurlar: "Sizin pulunuz yoxdur? Biz sizə kömək edərik, taksiyə görə ödəniş edərik". Demək istəyirəm ki, görün, Bakı necə qonaqpərvər şəhərdir! Mən yaxşı mənada çox təəccübləndim".

Turnirin təşkilinə gəlincə, D.Polyaruş qeyd edib ki, burada hər şey ən yüksək səviyyədədir: "Əlbəttə, əsas hissə hələ irəlidədir, lakin hazırda hər şey möhtəşəm və çox gözəldir. Kompüter texnikası və digər avadanlıq hazırdır, hər şey yenidir və əla işləyir".

O, qeyd edib ki, martın 5-6-da Bakıda keçiriləcək batut gimnastikası üzrə Dünya Kubokuna Rusiya, Belarus, Yaponiya və ABŞ-dan ən güclü idmançılar gələcəklər: "Buna görə də Dünya Kubokunun səviyyəsi kifayət qədər yüksək olacaq. Hərçənd bu turnir cari ildə ilkdir, amma fikrimcə, idmançılar yaxşı çıxış etməyə hazırdırlar, çünki apreldə Rio-de-Janeyroya sınaq turniri olacaq".

D.Polyaruş əlavə edib ki, şübhəsiz, Azərbaycanın batut gimnastikasında böyük gələcəyi var: "Ölkədə artıq medallar qazanan yaxşı idmançılar var. İlya Qrişunin Bakıda I Avropa Oyunlarında bürünc medal qazandı, qadın idmançılardan isə Svetlana Makştarova çox güclüdür. Ümumiyyətlə, Azərbaycan dünya çempionatını qəbul etməyə hazırdır, çünki bunun üçün lazım olan hər şey var: idman zalları, əla təşkilatçılar, əla kömək edən, işləyən könüllülər. Əminəm ki, Azərbaycanda dünya çempionatı çox yaxşı alınardı".

O, diqqətə çatdırıb ki, 2018-ci ildə Bakıda batut gimnastikası üzrə Avropa çempionatı, 2019-cu ildə isə bədii gimnastika üzrə dünya çempionatı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti