...

"Azərbaycanın geosiyasəti"

Cəmiyyət Materials 14 Mart 2016 15:53 (UTC +04:00)
Milli Təhlükəsizlik siyasətinin səkkizinci əsas istiqaməti Azərbaycanın ekoloji təhlükəsizlik siyasətidir.
"Azərbaycanın geosiyasəti"

Yunus Oğuz

"Azərbaycanın geosiyasəti"

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Milli Təhlükəsizlik siyasətinin səkkizinci əsas istiqaməti Azərbaycanın ekoloji təhlükəsizlik siyasətidir.

Elm və texnikanın son yüz ildə sürətlə inkişafı bütövlükdə yer kürəsində iqlimin istiləşməsi cənub və şimal yarımkürələrində buzlaqların artması, bu səbəbdən də yeni-yeni xəstəliklərin ortaya çıxması ekologiyaya, təbiətə, o cümlədən insanlara və hər hansı bir dövlətə təsirsiz ötüşmür, bu və ya digər şəkildə ekoloji problemlər yaranır və yaranmaqda davam edir. Müəllif qeyd edir ki, ekoloji təhlükəsizliyin təmin edilməsi hər bir dövlət üçün öz ərazisində və onun ətrafında təhlükəli ekoloji vəziyyətlərin qarşısının alınması, onların mənfi nəticələrinin maksimum aradan qaldırılması üzrə milli tədbirlər sisteminin yaradılması və və həyata keçirilməsini ehtiva edir.

"Ekoloji təhlükəsizlik haqqında" qanunda göstərilir ki. Azərbaycanın ekoloji təhlükəsizlik siyasətinin əsas məqsədi insan həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havasını, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin nəticəsində yaranan təhlükələrdən qorumaq kimi xarakterizə edilir.

Odur ki, bu qanunda Azərbaycan Respublikasının ekoloji təhlükəsizlik sahəsində dövlət siyasətinin əsas istiqamətləri və vəzifələri müəyyənləşmişdir:

  • ölkənin inkişaf strategiyasının formalaşdırılmasında və həyata keçirilməsində ekoloji təhlükəsizliyin üstün qaydada təmin edilməsi;
  • ekoloji təhlükəsizliyi ümumdünya, regional və yerli səviyyədə təmin etmək məqsədilə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi;
  • biosferin və onun bütün komponentlərinin qorunub saxlanılması və ekoloji cəhətdən təhlükəsizlik şəraitinin yaradılması;
  • ölkənin ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda dövlət və yerli özünüidarəetmə orqanlarının uzlaşdırılan ekoloji fəaliyyətinin təmin edilməsi;
  • təhlükəli və fövqəladə vəziyyətlərin qarşısının alınması, bununla bağlı tədbirlər planının hazırlanması və ardıcıl həyata keçirilməsi;
  • ətraf mühitə mənfi təsir edən təsərrüfat və digər fəaliyyət növlərinə nəzarət olunması və s.

Əli Həsənov yazır: "Ekoloji təhlükəsizliyin təmin olunması Azərbaycan dövlətinin və müvafiq strukturlarının qarşısında bir çox cari və strateji vəzifələrin həlli məsələsini qoymuşdur. Bunların sırasına aşağıdakılar daxildir:

  • təbii ehtiyatlardan ekoloji cəhətdən təhlükəsiz istifadəyə və təsərrüfat subyektlərinin ekoloji təhlükəsizliyinin tələblərinə əməl edilməsinə nəzarət etmək;
  • təhlükəli ekoloji vəziyyətlərin yaranması və genişlənməsinə səbəb olan halları və hadisələri aşkar etmək və proqnozlaşdırmaq;
  • ekoloji təhlükəsizliklə bağlı informasiya təminatını təşkil etmək və həyata keçirmək;
  • ekoloji təhlükəsizlik sahəsində əhalinin təlimatlandırılmasını təmin etmək;
  • ekoloji təhlükəsizliklə bağlı qanunvericilikdə müəyyən edilmiş vəzifələri həyata keçirmək və s." (s. 998)

Qeyd edək ki, qanunda yazılanları müvafiq strukturlar son illər daha çox həyata keçirirlər, bununla ciddi məşğul olurlar. Belə ki, elə bu yaxınlarda ekoloji təhlükəsizliklə bağlı ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən 2016-cı ilin yanvar ayında (Olaylar, 2 fevral, 2016, № 19) Ekoloji Fəaliyyətin Effektivliyi hazırlanıb. Sənəddə 180 ölkə arasında 2 sahə (insan sağlamlığının qorunması və ekosistemlərin mühafizəsi) və 9 istiqamət üzrə qiymətləndirmə aparılıb. Qiymətləndirmə nəticələrinə əsasən ABŞ-ın Yel və Kolumbiya Universitetləri mövcud ekoloji vəziyyətə görə Azərbaycanı 180 ölkə arasında 31-ci yerdə müəyyənləşdirib. Bununla da reytinq sıralamasına görə Azərbaycan Yaponiya, Belçika, Hollandiya, İsrail kimi dövlətlərdən ön mövqe tutmuş olub.

Eyni zamanda Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ikinci, MDB ölkələri arasında birinci yeri tutub.

Əldə edilən bu göstərici ölkədə ətraf mühit sahəsində son illərdə baş verən müsbət dəyişikliklərin çox qısa müddətdə sürətlə və ciddi şəkildə aparılmasına dəlalət edir.

Daha bir uğurlu göstərici isə Ekoloji Fəaliyyətin Effektivliyi indeksində meşələrlə bağlı istiqamətdə qiymətləndirmə üzrə Azərbaycanın 180 ölkə arasında beşinci yeri tutmasıdır. Bu yüksək göstəricinin əldə edilməsinin səbəbi yeni meşələrin salınması nəticəsində meşə ilə örtülü ərazilərin sahəsinin artırılaraq 11.8 faizə çatdırılması, sənaye qırıntılarının qadağan olunması, meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsi, KİV-də aparılan təbliğat hesabına əhalinin maarifləndirilməsi və sairədir.

Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planına uyğun olaraq Abşeron yarımadasında və digər ərazilərdə neftlə çirkinləşmiş sahələrin təmizlənməsinə start verilmiş və bu iş davam etməkdədir.

Azərbaycan ekologiyasının sağlamlaşdırılması və bioloji müxtəlifliyinin qorunub saxlanılması ekoloji təhlükəsizlik siyasətinin mühüm vəzifələrindən biridir. Ölkəmizdə bioloji müxtəliflik və meşə ekosistemlərinə təhdidlər aşağıdakılardır:

  • köçəri ekstensiv maldarlığın sürətli inkişafı;
  • elektrik enerjisinin və təbii qazın fasilələrlə verilməsi nəticəsində meşələrdə ağacların kəsilməsi (Qeyd etmək yerinə düşərdi ki, 2015-ci ilin statistik məlumatına görə ölkədə yaşayış yerlərinin 90 % qazlaşdırılıb və bu, meşələrdə ağacların kəsilməsinin qarşısını alıb- kur Y. O.);
  • ekosistemlərin tərkibi və coğrafi yayılmasının dəyişməsi, ziyanvericilərin artması;
  • səhra, quraqlıq və yarımquraqlıq ekosistemlərində şəraitin pisləşməsi;
  • erroziya proseslərinin, dağlıq ərazilərdə sel, sürüşmə və qar uçqunlarının baş verməsi;
  • buzlaqların əriməsi, bulaqların və çayların quruması;
  • meşə yanğınlarının artması və s.

Nəhayət, Əli Həsənov milli təhlükəsizlik siyasətinin səkkizinci istiqamətinə yekun vuraraq yazır: "Müasir dövrdə yaranmış ekoloji və sosial-iqtisadi vəziyyət nəzərə alınaraq, Azərbaycanın ekoloji siyasəti aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

  • ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və onun mühafizəsinin tənzimlənməsi məqsədilə mütərəqqi üsulların tətbiq edilməsi;
  • indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii ehtiyatlardan və tükənməyən alternativ enerji mənbələrindən istifadə olunması;
  • qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi və s. (s. 1009-1010)

Son söz əvəzi

Beləliklə, Əli Həsənovun "Azərbaycanın geosiyasəti" adlı möhtəşəm kitabda düşündüyüm və yazdığım fikirləri hörmətli oxucularla bölüşdükdən sonra hansı nəticəyə gəlmək olar?

Təbiidir ki, kitabı günün kitab hadisəsi adlandırsaq yanılmarıq, çünki bu əsərdə yazılanlar, qeyd olunanlar ( 1. Azərbaycanın geosiyasi inkişaf tarixi və xarakteristikası, müasir milli inkişaf siyasətinin əsasları, 2. Azərbaycanın beynəlxalq aləmlə geosiyasi münasibətləri, 3. Azərbaycanın beynəlxalq aləmlə geoiqtisadi münasibətləri, 4. Azərbaycanın xarici aləmlə hərbi-geostrateji münaisbətləri; beynəlxalq regional və milli təhlükəsizlik siyasətinin əsasları) nəinki dövlətimizin əsas siyasətinin sütununu təşkil edir, bu həm də dövlət siyasətinin preroqativləri hesab edilir. Göstərilən istiqamətlərdə düzgün siyasətin aparılması dövlətimizin nüfuzunu regionda və dünyada yüksəltməklə yanaşı, dövlətimizin vətəndaşlarının rifahını yüksəldir, onun etibarlığını qazandırır, çünki "hakimiyyətin mənbəyi xalqdır" müddəası 1995-ci ildə qəbul olunmuş Ana Yasamızda yazılıb.

Müəllifin kitabı oxucunu daha çox nə ilə özünə cəlb edir:

  1. Dilin sadəliyi. Demək olar ki, müəllif əsasən "akademik" deyilən dil üslubundan uzaqlaşmaqla xalqın başa düşəcəyi yazı üslubuna üstünlük verib. Bu da kitabın oxunaqlığını, yaxın tariximizdəki problemləri anlmaqda, dərk etməkdə və bunun ardınca fikir və mühakimə yürütməkdə oxuculara çətinlik törətmir, əksinə oxucuların bu sahədə məntiqə söykənməsinə yardımçı olur.
  2. Hörmətli professor "Azərbaycanın geosiyasəti"ndə onun milli, regional, dünya geosiyasətindən bəhs etməklə yanaşı, bu geosiyasətə təsir edəcək geoiqtisadi, hərbi-geostratji sahələrini də dərindən izləyir, durumu qiymətləndirir, ondan çıxış yollarını göstərir. Bu təqdirəlayiqdir, çünki, bəzi bu sahə üzrə ekspertlərimiz, mütəxəssislərimiz çox zaman geosiyasətdən yazarkən, yaxud bu mövzudan bəhs edərkən, onun siyasi çalarlarını göstərməklə kifayətlənir, buna yanaşmada və ya geosiyasətin yürüdülməsində əsas yük olan geoiqtisadi və hərbi-geostrateji maraqların irəli gəlməsindən olan fikirləri oxuculara mufəssəl çatdıra bilmirlər. Bu baxımdan Əli Həsənov bu kitabında ( bunu onun o biri kitablarına da şamil etmək olar) geosiyasətin əsas yükü sayılan iqtisadi və hərbi-geostrateji xüsusi olaraq bölmələrə ayırır və bu iki sahənin geosiyasətə necə təsir etməsini geniş şəkildə oxuculara çatdırır.
  3. Əsərdə Azərbaycanın tarixindən bəhs edən müəllif çalışır ki, heç bir təhrifə yol verməsin, Azərbaycan keçmişdə, yaxud tarixdə necə olubsa, kimlər tərəfindən işğal edilibsə və ya hansı dövlətlərin tərkibində mövcudluğunu qoruyubsa, tarixdə hansı dövlətlərin adları çəkilərsə Azərbaycan ehtiva olunar və digər tarixi fikirləri obyektiv təhlil edir, bu və digər qonşularımıza üstünlük vermədən hər tarixi hadisəni olduğu kimi yazır.
  4. Eynilə müasir dövrdə xarici siyasətin əsaslarını təhlil edəndə Əli Həsənov dünya dövlətlərinə, o cümlədən qonşularımıza münasibətdə onların mənfi və müsbət tərəflərini qeyd edir, tənqiddən çəkinmir, hər bir dövlətin Azərbaycana münasibətində yaxşı və pis tərəfini göstərir. Əlbəttə, bu müəllifin məsələyə obyektiv yanaşmasından irəli gəlir. (Bəllidir ki, bəzi bu sahə üzrə çalışan mütəxəssislər hansısa dövlətlərin marağından irəli gələn geosiyasi fikirləri irəli sürmək haqqında fikirləşir, strateji tərəfdaşı olan hansısa dövlət haqqında mənfi fikir söyləməkdən çəkinir, çünki düşünür ki, bu tərəfdaşın imicinə və beynəlxalq nüfuzuna xələl gətirməklə yanaşı, geoiqtisadi və hərbi-geostrateji məsələlərdə də ciddi təsir edə bilər).
  5. Müəllifin əsəri konseptualdır, xronoloji və məntiqi ardıcıllığı kitabın hər bölməsində, fəslində, hətta paraqraflarında da özünü göstərir.
  6. Diqqətəlayiq haldır ki, Əli Həsənov öz əsərinin fəlsəfəsini də yaradıb, belə ki, 1008 səhifəlik əsərin ortasında "Azərbaycan" deyilən bir dövlətin durduğunu qeyd edir və hər məsələyə Azərbaycanın marağından yanaşır, dövlətin daha da inkişaf etməsi üçün "daha nələr etmək lazımdır?" fikirlərini oxucularla bölüşdürür. Bu zaman oxucuda bütün bu hadisələrin gedişatında iştirak etmək hissi baş qaldırır. Bəlkə də bu müəllifdə spontan yaranıb, yaxud o bunu bilərəkdən düşünüb belə bir fəlsəfi sistem yaradıb ki, oxucu əsərin sehrinə düşsün. Qeyd etməliyəm ki, düşür də.
  7. Nəhayət, əsər aktualdır, dövlətimizin yürütdüyü siyasətlə səsləşir. Təbiidir, geosiyasət, geoiqtisadiyyat elə bir mühərrik və çevik mövzudur ki, bu sahələr üzrə gəlişmələr hər gün deyil, hətta hər saat dəyişə bilər. Bu kitabın üstünlüyü ondadır ki, əsərdə bütün bölmələr üzrə nəzəri və fəlsəfi fikirlər konseptual göstərilib və bunun bir növ nəzəri, fəlsəfi və praktiki bazası yaradılıb. Bu da kitabın ömrünü daimilik edir.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti